General erməni əsgərlərinin komandirləri tərəfindən posta zəncirlənməsindən yazdı

General erməni əsgərlərinin komandirləri tərəfindən posta zəncirlənməsindən yazdı

Prezident İlham Əliyev oktyabrın 13-də Turkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsində cəbhəyə göndərilən erməni əsgərlərinin acınacaqlı durumundan danışıb. Prezident bildirib ki, Müdafiə Nazirliyinin yaydığı videokadrlarda erməni komandirlərin əsgərlərini döyüş meydanından qaçmamaları üçün zəncirlə bir birinə, eləcə də dəmirə bağladıqları əksini tapıb. Son günlərdə erməni əsgərlərinin arxasınca gəzən cəza taborları geri qaçan öz əsgərlərini öldürürlər.

“Azeri Defence” saytının məlumatına görə, Prezidentin çıxışındakı bu məqama diqqət çəkən Azərbaycan Ordusunun istefada olan general-mayoru Altay Mehdiyev özünün sosial media hesabında bildirib ki, onun özü də Birinci Qarabağ müharibəsində bu və bundan daha dəhşətli faklarla rastlaşıb.

General-mayor Altay Mehdiyev bildirib ki, düşmən ordusunda bu vəhşiliklərin yaradıcısı, ilk icraçısı Ermənistanın birinci Müdafiə naziri, sonradan Ermənistanın Baş naziri olmuş Vazgen Sarkisyanın yaxın dostu və onun himayəsi altında “xidmət edən” Manvel Qriqoryan olmuşdur.

“Manvel Qriqoryan 1992-ci ildə Füzuli istiqamətində döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində 5-ci briqadanın komandiri olaraq biz onunla ilk dəfə “görüşdük”. Mən o zaman Tərtər istiqamətində 3-cü briqadanın komandiriydim. 1993-cü il oktyabr – 1994-cü il yanvar aylarında Qriqaryanın rəhbərlik etdiyi düşmən qüvvələrini darmadağın edərək Akop-Kamari, Suqovuşan (Madagiz), Maqavuz kəndlərini, Ağdərə şəhərini və Sərsəng su anbarını azad etdik. Düşmən bu döyüşlərdə böyük itkilər verdi. Eyni zamanda əsir düşənlər də oldu. Əsir düşən əsgər və zabitlər cənab Prezidentimizin qeyd etdiyi kimi və əlavə olaraq düşmən komandanlığının, əsasən də briqada komandiri polkovnik Qriqoryanın vəhşiliklərindən ürək ağrısı ilə danışırdılar”, – deyə general-mayor Altay Mehdiyev vurğulayıb.

Əsir düşən erməni əsgər və zabitlər Manvel Qriqoryan haqqında deyirdi:

-polkovnik Qriqoryan briqada komandiri olaraq bu günə qədər minlərlə erməni əsgərini məhv edib;

-zabitləri, əsgərləri zəncirlə ağaclara bağlayırdı kı, döyüşdən qaçmasınlar;

-minalı sahələr təmizlənmədən əsgərləri hücüma göndərir, mina partlayışından əsgərlər məhv olurdular;

-artilleriya atəşi zamanı əsgərləri qorumaq əvəzinə irəliyə, məhvə göndərirdi;

-qızğın döyüşlər gedən bir vaxtda dövlət əmlakını, əsgər payını, eyni zamanda qənimətlər mənimsəməklə məşğul olurdu;

-əmrini yerinə yetirməyənlər isə “yoxa çıxırdılar.

General-mayor Altay Mehdiyev qeyd edib ki, məhz gördüyü belə alçaq işlərə görə, Qriqoryan orduda “Qəssab” (Myasnik) ləqəbi ilə tanınırdı. Əsirlər həmçinin bildiririblər ki, təkcə Qriqoryan deyil, demək olar ki, bütün komandirlər onun təcrübəsindən istifadə edirlər.

“İkinci dəfə mən onunla 2005-2006-cı illərdə, Naxçıvan MR torpaqlarımızı düşmən nəzarətindən azad etdikdən sonra “görüşdüm”. O zaman artıq general-leytenant Manvel Qriqoryan Ermənistan Müdafiə nazirinin müavini vəzifəsində xidmət edirdi. Azad etdiyimiz ərazilərlə sərhəd boyu yaşayan əhalinin narazılığı ilə bağlı mənasız araşdırmalar aparırdı”, – deyə general-mayor Altay Mehdiyev bildirib.

Qeyd edək ki, iki il əvvəl general-leytenant Manvel Qriqoryan Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən törətdiyi cinayətlərə görə həbs edilib. Manvel Qriqoryanın evinə baxış keçirilən zaman əsgərlərə verilən ərzaq payları, konservalar, o cümlədən silah-sursat aşkarlanmışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş