General-leytenant Arzu RƏHİMOV: “hərbi xidmətə çağırış sistemində vahid elektron informasiya sistemi yaradılır”

“AzeriDefence” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun “Respublika” qəzetinə müsahibəsini təqdim edir

– Azərbaycanın zəngin hərb tarixinə xalqımızın qəhrəman övladlarının igidliyi və şücaəti qızıl hərflərlə yazılmışdır. Azərbaycan ordusu milli dövlətçiliyimizin ayrı-ayrı mərhələlərində böyük zəfərlər qazanmışdır. Bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti qısa mövcudluğu dövründə peşəkar milli ordu quruculuğunda tarixi ənənələrin bərpası üçün yaddaqalan işlər görmüşdür. Həmin dövrdə səfərbərlik və hərbi xidmətə çağırış barədə hansı məlumatlar vardır?

– Azərbaycanın hərb tarixində ordu quruculuğu müxtəlif mərhələlərdə həlli vacib məsələ kimi ortaya çıxmışdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə vahid komandanlıq altında nizami ordunun formalaşdırılması həm dövlətçilik anlayışı, həm də mövcud təhlükələrdən qorunmaq baxımından zərurətə çevrilmişdi. 23 ay ömür sürməsinə baxmayaraq, cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən ölkənin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığını təmin edə bilən milli ordunun yaradılması üçün zəruri tədbirlər görüldü. 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alan hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradıldı. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında qərar qəbul edildi.
Qeyd edək ku, ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun gününü – Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü kimi tarixiləşdirdi.
1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyəti olan nizami milli ordu hissələri formalaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri komandir heyəti üçün kadrların hazırlanması idi. Hələ 1918-ci ilin iyun ayında Gəncədə türk zabitlərinin yaxından köməyi ilə gizirlər hazırlayan hərbi məktəbi açıldı. Həmin məktəbə ibtidai təhsildən yuxarı təhsili olan vətəndaşlar qəbul edilirdi. Bu məktəbdə sürətləndirilmiş təlim kursunun ilk buraxılışı 1918-ci ilin oktyabr ayında oldu. 1919-cu ilin noyabrında gizirlər məktəbi hərbi məktəbə çevrildi. Hərbi məktəbin ümumqoşun, artilleriya və mühəndis bölmələrində ümumilikdə 250 nəfər müdavim təhsil alırdı. Gələcəkdə bu məktəbdə təhsil almaq istəyən yeniyetmələr üçün Bakıda yunker məktəbi açıldı. Həmçinin 1919-cu ilin sonlarında – 1920-ci ilin əvvəllərində süvari, artilleriya və snayper, aviasiya, pulemyot-qrenad, hərbi dəmir yolu və hərbi-feldşer məktəbləri də təşkil olundu.
Ordunun tərkibində unter-zabit hazırlığını yaxşılaşdırmaq məqsədilə 1920-ci ilin aprel ayından xüsusi batalyon və alaylarda dördaylıq savadsızlığı ləğvetmə kurslarının yaradılması planlaşdırılmışdı. Lakin milli zabit kadrları hazırlamaq üçün müəyyən vaxt lazım idi. Azərbaycan hökuməti orduda hərbçi mütəxəssislərə olan ehtiyacı və tələbatı nisbətən ödəmək məqsədilə rus və gürcü zabitlərinin böyük bir qrupunu xidmətə cəlb etməyə məcbur olmuşdu. Bu dövrdə Azərbaycanda keçmiş rus ordusunun 300 nəfərə yaxın zabiti, o cümlədən 30 nəfərdən çox qərargah zabiti qalmışdı.
Onu da xatırlatmaq vacibdir ki, həmin dövrdə əhali arasında hərb sənətinə böyük maraq yaranmışdı. Buna misal kimi Şəki şəhəri nümayəndələrinin hərbi nazirə müraciətinə diqqət yetirmək olar. Müraciətdə Şəkidə də şəhər xəzinəsi hesabına hərbi məktəb yaradılması xahiş edilirdi. Müraciətdə yazılmışdı: “Vətəni müdafiə etməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu nəzərə alaraq istəyirik ki, məktəbyaşlı uşaqlarımızın əksəriyyəti hərbi məktəb kursu keçərək vətənin müdafiəçiləri sıralarında dursunlar”.
Azərbaycan hökümətinin, ilk növbədə, Hərb Nazirliyinin gərgin təşkilatçılığı nəticəsində artıq 1919-cu ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin tərkibində iki piyada və bir süvari diviziya yaradılmışdı. Bunlardan başqa, artilleriya briqadası və diviziyonu, ehtiyat alayı və batalyonu, digər xüsusi birləşmələr təşkil olunmuşdu.
Təəssüf ki, ordu quruculuğu sahəsində görülən işlər davamlı olmadı. Azərbaycan bolşevik ordusu tərəfindən işğal olunduqdan sonra həm öz müstəqilliyini itirdi, həm də müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi.

– İkinci Dunya müharibəsi illərində azərbaycanlı əsgər və zabitlər rəşadətli döyüş yolu keçmişlər. Sovet hakimiyyəti illərində respublikamizda səfərbərlik işinin təşkili, hərbi xidmətə çağırış, gənclərin erkən yaşlarından hərbi sahəyə cəlb olunması, hərbi ixtisaslara yiyələnməsi sahəsində toplanmış müsbət təcrubənin ən mühüm cəhətlərini necə dəyərləndirirsiniz?

– İkinci Dünya müharibəsinin gedişi onu göstərdi ki, müstəqil dövlət kimi ordusu ləğv olunsa da, Azərbaycan xalqının hərbi ənənələri, döyüş ruhu sarsılmayıb. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Amma buna baxmayaraq, sonrakı illərdə azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə, milli zabit korpusunun formalaşmasına süni maneələr yaradılırdı. Məqsədli şəkildə belə bir fikir təlqin olunurdu ki, azərbaycanlılardan yaxşı hərbçi, yaxşı zabit çıxmaz. Həmin dövrdə Azərbaycan hər il, təxminən, 60 min gənci sovet ordusu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Yalnız ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə milli zabit kadrlarının hazırlanması məsələsi önə çəkildi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Bakıda hərbi təmayüllü ilk ümumtəhsil məktəbinin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu öndərin şəxsi təşəbbüsü ilə azərbaycanlı gənclərin güzəştli şərtlərlə Bakı Ali Hərbi Ümümqoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbuluna başlanıldı. Milli hərbi kadrlar hazırlanması məqsədi daşıyan bütün bu addımların real nəticəsini biz müstəqillik illərində görəcəkdik. Ümummilli lider Heydər Əliyevin üzaqgörənliyi nəticəsində formalaşmış milli zabit korpusu müstəqil ölkəmizin silahlı qüvvələrinin əsas dayaqlarını təşkil etdi. Cümhuriyyət bizə müstəqil dövlətin atributu olan ordunu yaratmaq ənənəsini verdi, ulu öndər Heydər Əliyev isə bu ordunun formalaşdırılmasını reallığa çevirdi.

– Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində gənc dövlətimizin məcburən cəlb edildiyi Qarabağ müharibəsinin gedişinə mənfi təsir göstərən faktorlardan biri də səfərbərlik və hərbi xidmətə çağırış işində özünü büruzə verən ciddi nöqsanlar, çatışmazlıqlar idi. Həmin dövrdə milli ordu quruculuğunda problemlər, sizcə, hansı səbəblərdən yaranmışdı?

– Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bütün sahələrdə böhranlı vəziyyətlə üzləşmiş, dövlətçiliyimiz itirilmək təhlükəsi ilə qarşılaşmışdı. Şübhəsiz ki, belə bir vəziyyət cəmiyyətin ayrılmaz tərkib hissəsi olan ordudan da yan keçməmişdi və ölkədə ordu quruculuğu heç də arzuolunan səviyyədə getmirdi. İşğalçı Ermənistanda ordunun yaradılmasına rəsmən 1991-ci ilin yanvarında başlanıldığı halda faktiki hərbi təcavüzə məruz qalan Azərbaycanda 1991-ci ilin oktyabrınadək heç bir iş görülməmişdi. 1991-ci il sentyabrın 5-də yaradılmış Müdafiə Nazirliyində 1993-cü ilədək rəhbərlik dəfələrlə dəyişdirildi. Bu dövrün məlum prosesləri, başıpozuq özünümüdafiə dəstələri şəklində mövcud olan ordunun ifrat dərəcədə siyasiləşməsi, üstəgəl, 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər Azərbaycanın bütün dövlət təsisatları kimi, Silahlı Qüvvələri də iflas həddinə gətirdi. Orduda vahid komandanlıq anlayışı demək olar ki, sıradan çıxmışdı. Məhz belə bir ağır vəziyyətdə dövləti və onun ordusunu bu acınacaqlı durumdan çıxarmaq üçün qətiyyətli bir komandana ehtiyac vardı. Bu komandan isə ümummilli lider Heydər Əliyev idi və o, Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu başlandı.

– Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanan müstəqil dövlət quruculuğu prosesində nizami hərbi birliklərin təşkili, milli ordunun vahid komandanlığa tabe edilməsi, onun kadr tərkibinin, maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun döyüş ruhunun yüksəldilməsi, hərbi çağırışın və səfərbərlik işinin sahmana salınması istiqamətində görülən işlərin əhəmiyyətini necə qiymətləndirərdiniz?

– Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Lakin bu prosesə fundamental şəkildə başlamaq üçün zaman tələb olunurdu. Bütün bunları nəzərə alaraq ümummilli lider Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Ali Baş Komandan, ilk növbədə, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Sonrakı illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması ilə ordu quruculuğu prosesi həmahənglik təşkil etməyə başladı. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi diqqət mərkəzində oldu. Əsası C.Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 1998-ci il dekabrın 1-də ulu öndər Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq «Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı» çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Əsası ulu öndər tərəfindən qoyulan ordu quruculuğu prosesi onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoydu. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. 2007-ci il iyunun 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması hərbi təhsil sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. Bu istiqamətdə addımların davamı olaraq prezidentin 2008-ci il 2 iyun tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradıldı.
Son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun daha gücləndirilməsi üçün geniş imkanlar açmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına imkan verir. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilmişdir. Həyata keçirilən bütün işlərin yekun məqsədi isə təbii ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Dövlətimizin durmadan artan siyasi və iqtisadi gücü, hərbi üstünlüyü bu məqsədin tezliklə reallığa çevriləcəyinə tam əminlik yaradır.

– Hərbi xidmət və səfərbərlik məsələlərinin mükəmməl qanunvericilik bazasının yaradılması üçün hansı işlər görülmüşdür?

– Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər daimi xarakter daşıyır. Bu məqsədlə inkişaf etmiş ölkələrin müvafiq istiqamətdə qanunvericilik təcrübəsi öyrənilir, mövcud mütərəqqi nümunələr əsas götürülməklə, yerli şərait nəzərə alınmaqla təkliflər hazırlanır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Fəaliyyəti dövründə Xidmət tərəfindən qanunlara əlavə və dəyişikliklərlə bağlı 400-dən artıq təklif verilmişdir ki, onlardan da 40-a qədəri artıq qəbul edilmişdir. Digər təkliflər üzərində də müvafiq strukturlar tərəfindən iş aparılmaqdadır. Təkliflər sırasında xüsusi rütbəli şəxslərin hərbi qeydiyyatı və ehtiyata verilməsi ilə bağlı qanunun tətbiqinə, Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilən zaman tələb olunan sənədlər siyahısına “Hərbi vəzifə haqqında hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”nin əlavə edilməsinə dair məsələlər yer alır. Bundan başqa, hərbi nizam-intizamın gücləndirilməsi, eləcə də vətəndaşların məsuliyyətini artırmaq məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunmuşdur.

– Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması hansı zərurətdən irəli gəlmişdir və Xidmətin qarşısında hansı vəzifələr qoyulmuşdur?

– Dövlət Xidmətinin yaradılmasına, ilk növbədə, ordu quruculuğu prosesinin təkmilləşdirilməsi kimi yanaşmaq lazımdır. Söhbət Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasından gedir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.
Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibbi şəhadətləndirilərək qeydiyyata alınırlar. İlkin qeydiyyata alınma zamanı qeydiyyata alınan çağırışçıların sayının müəyyən edilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir. Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tam sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçılar seçilirlər.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmət keçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, həmçinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə təchizatını, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Xidmətin əsas fəaliyyət istiqamətləri Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığından, şəxsi heyətlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün ehtiyatların yaradılmasından ibarətdir. Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

– Hərbi xidmətə çağırışda neqativ halların müəyyənləşdirilməsi və aradan qaldırılması, xüsusən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə necə qurulmuşdur?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də dövlətimizin başçısının tapşırıqlarını rəhbər tutaraq öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur. Yarandığı dövrdən keçən qısa müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə böyük işlər görülmüşdür. Korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətlə mübarizə aparırıq. Bu işlərdə biz vətəndaşların da köməyinə arxalanırıq. İlk növbədə, hər bir şəxs Xidmətin fəaliyyətinə vətəndaş mövqeyindən yanaşmalı, neqativ halların baş verməsinə imkan verməməlidir. Xidmətə müraciət edən hər bir vətəndaş hansısa kənar yollar axtarmaqdan uzaq olmalıdır. Korrupsiya və rüşvətxorluğun qarşısını tam olaraq yalnız bir strukturun, idarənin bu istiqamətdə mübarizəsi ilə almaq mümkün deyil. Bu məsələdə hər bir kəs öz məsuliyyətini hiss edərək, dövlət orqanlarından köməyini əsirgəməməlidir.
Bir məsələni də qeyd etmək istərdim ki, yarandığından ötən qısa müddətdə Xidmətin ictimaiyyətin etimadını doğrultmaq yönündə səyləri artıq nəticələrini verir. İndi yüzlərlə gənc bu strukturda çalışmaq üçün Xidmətə müraciət ünvanlayır. Bunun özü də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bütün işlərin, o cümlədən kadr seçimi prosesinin şəffaf aparıldığını göstərir. Gənclərin bizə olan müraciətləri həm də onların inamının göstəricisidir. Ən layiqlilərin, bilik və bacarıqları ilə ümumi işimizə təkan verəcək namizədlərin müraciətləri müsbət dəyərləndirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edərək fəaliyyətini qurmağa çalışır.

– Hərbi çağırışda səffaflığın təmin edilməsi, bu sahədə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin təşkili istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi digər dövlət qurumları kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də üzərinə həlli vacib olan vəzifələr qoyub. Cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytı yaradılmışdır. Saytda Xidmətin fəaliyyəti, tarixi, əldə etdiyi nailiyyətlər haqqında geniş məlumatlar, qanunvericilik bazası öz əksini tapmaqla yanaşı, “Elektron xidmət” bölməsi yerləşdirilib. Vətəndaşların bu bölmədən istifadə edərək Xidmətlə operativ ünsiyyət qurmaq, onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanı vardır. Çağırışçılar sayt vasitəsilə hərbi xidmət keçəcəkləri yeri əvvəlcədən öyrənə bilirlər. Sayt fəaliyyətə başladığı müddətdən Xidmətə elektron formada yüzlərlə müraciət daxil olub və bu müraciətlər operativ şəkildə cavablandırılıb. Çağırışçıların sayt vasitəsilə hərbi xidmət keçmə yerini əvvəlcədən öyrənə bilmələri vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, müraciətlərin böyük əksəriyyəti məhz bununla bağlı olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaşların müraciətlərinə baxılması işində səmərəlilik təmin edilir, müəyyən olunmuş qaydada vətəndaşların qəbulu təşkil olunur, müraciətlər icra müddəti gecikdirilmədən araşdırılır və nəticələrə dair vətəndaşlara cavab məktubları göndərilir.
Xidmət hazırda Azərbaycanın hərbi xidmətə çağırış sistemində vahid elektron informasiya sisteminin yaradılması üzərində çalışır və bu, tərəfimizdən təqdim olunan mühüm yenilik olacaq. Bu sistem vasitəsi ilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını və uçotunu aparmaq nəzərdə tutulur. İnformasiya sisteminin yaradılması ilə Xidmət hərbi mükəlləfiyyətlilərin ilkin hərbi qeydiyyatından başlayaraq ehtiyata verilməsinə qədər olan bütün dövrü elektron formada nəzarətdə saxlamaq imkanları əldə edəcəkdir.

– Bitməmiş müharibə şəraitində və səfərbərlik zamanı Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədi ilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmət keçmək, yaxud müharibə dövrünün ştatlarında işləmək üçün əvvəlcədən hərbi hissələrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təhkim edilirlər. Hərbi hissələrə təhkim olunmuş hərbi vəzifəlilər üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində səfərbərlik sərancamları hazırlanır və hərbi vəzifəlilərə təqdim olunur. Hərbi hissələrə təhkim olunmuş hərbi vəzifəlilərin vaxtında xəbərdar edilməsi məqsədi ilə onlar üçün yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırış vərəqələri hazırlanır. Vətəndaşların səfərbərlik üzrə xəbərdar edilməsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsini həyata keçirmək məqsədi ilə yerli icra nümayəndəliklərinin, yerli özünüidarə orqanlarının, mənzil-istismar təşkilatlarının və evləri istismar edən təşkilatların bazalarında xəbərdarlıq sahələri, eləcə də səfərbərlik üzrə hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqələri yaradılıb.

– Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsi, müstəqil dövlətçiyimizə sadiq, yüksək peşə hazırlığı olan kadrların yetişdirilməsi kimi günün vacib məsələlərinin həllinə Xidmətin hansı novator yanaşmaları vardır?

– Respublikada hərbi vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri yerli dövlət orqanları ilə birgə hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində məqsədyönlü iş aparır, gələcək döyüşçülərə Vətənin taleyi üçün yüksək cavabdehlik məsuliyyəti aşılayır. Gənclərə Vətənin müstəqilliyini və ərazi bütövlüyünü əldə silahla müdafiə etmək hissləri təlqin edilir, Silahlı Qüvvələrin qəhrəmanlıq salnaməsi öyrədilir, onların müharibə, əmək veteranları və milli qəhrəmanlarla, yüksək döyüş hazırlığı olan əsgər və zabitlərlə görüşləri, habelə çağırışçıların Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına təntənəli şəraitdə yola salınması mərasimləri təşkil olunur.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılmasına nəzarəti artırmaq, çağırışqabağı hazırlığı və onun keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə təhsil müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən muzeylərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, azərbaycanlı sərkərdələrin, generalların, milli qəhrəmanların, dövlət tərəfindən təltif olunmuş əsgər və zabitlərin, Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş xüsusi hərbi hissələrin döyüş yolunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şücaət göstərmiş döyüşçülərin və şəhidlərin fotoşəkillərini əks etdirən güşələrin təşkili, gənclərin çağırışqabağı hazırlığı fənninin keyfiyyətlə keçirilməsi üçün tədris vəsaitləri və ümumilikdə əyani təbliğat vasitələrinin məzmun etibarilə daha da zənginləşdirilməsi istiqamətində işlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən uğurla gerçəkləşdirilməkdədir.
Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədi ilə onlarla fərdi söhbətlər aparılır. “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir. Gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Silahlı Qüvvələr və Qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin daha bilikli və fiziki hazırlıqlı kadrlarla komplektləşdirilməsi məqsədi ilə respublikanın ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında, Gənclər və İdman Nazirliyinin hazırladığı və təsdiq etdiyi Əsasnaməyə müvafiq olaraq, “Şahin” və “Cəsurlar” respublika hərbi idman oyunları keçirilir.
Təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan yeniyetmələrin fiziki hazırlığına yönəldilmiş diqqət gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan yaradır. Məktəb şağırdlərinin hərbi-idman oyunlarına cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasına təkan verir.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsi işində müasir texnologiyalardan istifadə və yeni metodların tətbiqi də zəruri məsələ kimi qarşıda durur. Bu gün gənclər daha çox internetin verdiyi imkanlardan yararlanırlar və onların hamısının bu imkanlardan faydalı şəkildə istifadə etdiyini, düzgün yönləndirildiyini söyləmək olmaz. Xidmət internetin, sosial şəbəkələrin gücündən də istifadə edərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verəcək.
Xidmətin fəaliyyətinin digər mühüm bir istiqaməti hərbi təhsilə marağın daha da yüksəldilməsidir. Buna isə, ilk növbədə, orta təhsil müəssisələrindən başlamaq lazımdır. Orta məktəblərdə hərbi hazırlıq dərslərinin təkmilləşdirilməsi üçün Xidmət tərəfindən müvafiq işlər görülür, fənn müəllimləri ixtisaslı kadrların sırasından seçilir və onların təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Azərbaycan ordusunun sıralarında xidmət edənlərin fiziki sağlamlığı ilə yanaşı, onların yüksək intellektləri ilə fərqlənməsi də fəaliyyətimizin mühüm tərkib hissəsidir.
Söhbətimizin sonunda bir daha vurğulamaq istərdim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş