
General-leytenant Fuad Məmmədov vəfat edib
Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu avqustun 10-da ürək çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, General-leytenant Fuad Məmmədovun ölümü ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi adından nekroloq yayımlanıb.
F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.
2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
General-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH rəhmət eləsin!
Nekroloqu Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov
general-polkovnik Kərəm Mustafayev
general-leytenant Kərim Vəliyev
general-leytenant Ramiz Tahirov
general-leytenant Nizam Osmanov imzalayıb.