General-leytenant Kərim Vəliyev: Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcək

Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcəkdir”.

Bunu Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsini şərh edərkən bildirib.

Nazir müavini bildirib ki, bu cür məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir. Hamıya məlumdur ki, Ermənistan prezidenti S.Sarqsyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf edib.

“Odur ki, cəmi bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan Ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə M.Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyatdır.

Ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyildir. Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür”, deyə general-leytenant Kərim Vəliyev qeyd edib.

M.Akopyanın müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivlərinə və guya Azərbaycan Ordusunun həmlələrinin qarşısını ala biləcəkləri barədə səsləndirdiyi fikirlərə münasibət bildirən K. Vəliyev bildirib ki,  M.Akopyan bunu həyata keçirmək niyyətində olduqları “ordunun 7 illik modernizasiya proqramı” ilə əlaqələndirir: “Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir.

Əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sarkisyan xəttindən” dəm vururlar. Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz”. 

Azərbaycanın münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarı olduğunu  və bunun mümkünlüyünə inandığını deyən nazir müavini bəyan edib ki,  məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcək: “O zaman Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcək”.

KATEQORIYA:
Bu xəbəri paylaş