General Məhərrəm Həsənov: “XRXX-in xilasediciləri maddi-texniki baza ilə tam təmin edilib”

General Məhərrəm Həsənov: “XRXX-in xilasediciləri maddi-texniki baza ilə tam təmin edilib”

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar xilasediciləri yüksək səviyyədə işləməsi üçün maddi-texniki baza ilə tam təmin edilib.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini – qərargah rəisi, general-mayor Məhərrəm Həsənov deyib.

General-mayor Məhərrəm Həsənov Xidmətin fəaliyyəti haqqında danışaraq bildirib ki, Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hallara çevik reaksiya verilməsini, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını həyata keçirir. Həmçinin Xüsusi Riskli Xilasetmə Xidməti zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirir.

“Xidmətin əsas fəaliyyəti peşəkar xilasedicilərdən təşkil olunur. Bunlar mühafizəçilər, xilasedicilər, o cümlədə dağ alpinizm xilasediciləridir. Habelə protexniklər, kimiyaçılar, peşəkar dalğıc xilasedici mütəxəssislərindən və desantlardan, son olaraq kinoloqlardan ibarətdir”, – deyə general vurğulayıb.

General-mayor M. Həsənov bildirib ki, 2007-ci ildə yaranan XRXX bu günə qədər çox önəmli, çoxlu sayda xilasetmə əməliyyatlarına çıxıbdır: “Bu əməliyyatlar içərisində yadda qalan önəmli hadisələr olub. Bunlardan biri 2010-cu ildə yanvar ayının 5-də Şamaxı və Pirallahı yollarındakı qar uçqunudur. Bu istiqamətdə qarın altında çoxlu maşınlar qalmışdı. Sözügedən ərazilərdə çoxlu xilasetmə əməliyyatı həyata keçirdik. Ən təhlükəli və ən riskli əməliyyatlardan biriydi. 45 nəfərə yaxın insanı qarın altındakı maşınlardan çıxarıb yaxınlıqda olan isti məntəqələrə, o cümlədə kəndəki evlərə, məscidlərə, müəssisələrə təhvil verirdik.

Həmin ilin yayında Şirvanda və Sabirabadda su basmaları oldu. Burda da XRXX-in ən aparıcı mütəxəssiləri tərəfindən demək olar ki, bir ay müddətində xilasetmə, təxliyyə əməliyyatları həyata keçirilib. Bundan başqa bəndlərin bərkidilməsi edilib. Bundan əlavə beynəlxalq xilasetmə əməliyatlarından bizim üçün ən yadda qalanı 2011-ci ildə Van zəlzələsi olub. 120-ə yaxın xilasedicimiz Vanda zəlzələdən dağıntılar altında qalmış insanların çıxarılması üçün xilasetmə əməliyyatları keçirib. Xilasetmə əməliyyatları zamanı 12 nəfər insanı sağ halda, 60-a yaxın insanı ölmüş vəziyyətdə uçqunların altından çıxarmışıq. Ən önəmli olanı zəlzələdən 104 saat sonra kinoloqlarımız canlı insanı çıxarmışdılar və 108 saatdan sonra ən axırıncı canlını bizim xilasedicilərimiz heç bir zərər çəkmədən çıxarmışdılar”, – deyə general-mayor M. Həsənov vurğulayıb.

M.Həsənov bildirib ki, 2015-ci ildə Neft daşlarında baş vermiş hadisə zamanı XRXX-in 12 xilasedici əməkdaşı hadisə yerinə gedib: “Bizdən qabaq platformada 30 nəfər həlak olmuşdu. Onlar tələskənlik edib küləkli havada qayıqlara minmişdilər. Qayıq platformaya çırpılaraq dağılmışdı. Nəticədə insanlar dənizə düşmüşdü. İkinci qayıq platformanın altındq sıxışıb qalmışdı. Çətin bir əməliyyat şəraitində xilasedicilərimiz tərəfindən 30 nəfər (üçü platformanın üstündə, 27-si qayığın içərisində olmaqla) xilas edilmişdi. Bu bizim üçün ən riskli əməliyyatlardan biriydi.

2018-ci ildə Quba rayonunda qar uçqunu nəticəsində 3 alpinist uçqunların altında qalmışdı. 3 ay müddətində onların axtarışı davam etdi. Axtarışın nəticəsində qarın 6 metr dərinliyindən alpinistlərin cəsədini çıxardıq. Ən son 2019-cu ildə peşəkar dalğıclarımızla MiQ-29 döyüş təyyarəsinin axtarışında olduq. FHN-dən başqa orda Dövlət Neft Şirkətinin, Müdafiə Nazirliyinin əməkdaşları axtarış həyata keçirirdi. 25 gün axtarış davam etdi. Dərinlik 20 metrdən artıq (25-30 metr) olduğu üçün bu dalğıclar yalnız XRXX-də varıydı. Qeyd edim ki, 60 metrə qədər enən dalğıclarımız var. Qara qutunu, pilotun özünü və oturacağını suyun altından çıxardıq. Sonda onu da qeyd etmək istəyirəm ki, hazırda XEXX-in peşəkar xilasedicilərinin yüksək səviyyədə işləməsi üçün rəhbərlik tərəfindən maddi-texniki bazamız tam təmin edilib”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş