General-mayor Dağlar Abdullayev vəfat edib

Azərbaycan Silahlı Qüvvələrinin istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev 76 yaşında vəfat edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin məətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə dəfn komissiyası yaradılıb.

Mərhumla vida mərasimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib. D. Abdullayev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub.

Müdafiə Nazirliyinin yaydığı nekroloqda deyilir:

Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olmuşdur.
1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) daxil olmuş və 1960-cı ildə həmin institutu «həkim-stomotoloq» ixtisası üzrə bitirmişdir.
1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdir.
1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında «həkim-stomotoloq» kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir.
1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olmuşdur.
1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilmiş və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir.
2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdir.
2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi verilmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 2006-cı ildə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adına layiq görülmüş və bir sıra medallarla təltif olunmuşdur.
İstefada olan general-mayor Dağlar Məmməd oğlu Abdullayevin əziz xatirəsi Silahlı Qüvvələr şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH rəhmət eləsin!

Nektoloqu müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin müavinləri Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Kərəm Mustafayev və Tibb Xidmətinin rəisi Natiq Əliyev imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş