General-mayor Elçin İbrahimov: Ermənistan Ordusunun bütün təxribat cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq

General-mayor Elçin İbrahimov: Ermənistan Ordusunun bütün təxribat cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq

“Yanvar ayının ilk günlərindən Qazax rayonu istiqamətində dövlət sərhədində erməni tərəfinin fitnəkar hərəkətləri nəticəsində operativ vəziyyət kəskinləşib”.

Bunu “AzeriDefence”yə açıqlamasında Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri, general-mayor Elçin İbrahimov bildirib.

Elçin İbrahimov qeyd edib ki, yanvar ayının 7-də erməni silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində, sərhədçi əsgər Fərzalı Fərzəliyev şəhid olub: “Düşmənin bu hərəkətinə görə 5-6 qat artıq cavab almasına baxmayaraq, hər bir əsgərimizin həlak olması bizim üçün əvəzedilməz itkidir. Düşmən hər bir təxribat cəhdindən sonra, ağır itkilər verir. Ancaq buna baxmayaraq bu cəhdlərə davam edir”.

DSX rəsmisinin sözlərinə görə, 2019-cu ildə erməni silahlı bölmələri dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkməyə çalışsa da bu cəhdlərin qarşısı vaxtında alınıb. Həyata keçirilən tədbirlər nəticəsində düşmənin təxribat cəhdləri neytrallaşdırılıb və düşmən üzərində strateji üstünlük əldə olunub.

“Cavab tədbirləri nəticəsində, dövlət sərhədinə tərəf, əhəmiyyətli ərazilərdə döyüş mövqelərimizi bəzi yerlərdə 2 kilometrə qədər irəli çıxardıq. Bu bizə yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların təhlükəsizliyini artırmağa, həmçinin şəxsi heyətin təhlükəsizliyinin təkmilləşdirməyə imkan verdi. Bu gün biz sərhəd xətti yaxınlığında Gürcüstandan Ermənistana gedən qaz kəməri və üzərindəki qaz-kompressor stansiyasına və strateji kommunikasiyalara nəzarət edirik”, – deyə general vurğulayıb.

General bəyan edib ki, Ermənistan Ordusunun dövlət sərhədindəki bütün təxribat cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq: “Birmənalı bildirirəm ki, erməni silahlı bölmələrinin hər bir təxribarının qarşısı sərt şəkildə alınacaq. Düşmən belə cəhdlərin bütün perspektivsizliyini anlamalı daha ciddi itkilərlə qarşılaşacağının qaçılmaz olduğunu dərk etməlidir. Bildirmək istəyirəm ki, göstərilən istiqamətdə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş