General Movses Akopyan açdı sandığı, tökdü pambığı

General Movses Akopyan açdı sandığı, tökdü pambığı

Ermənistan Müdafiə Nazirliyinin Hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Akopyan silahlı qüvvələrdən istefa verməsinin səbəblərini bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Azeri Defence”nin məlumatına görə, general Akopyanın mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistan Ordusunun döyüşlərin ilk günündə idarəetməni itirdiyini, Azərbaycan Ordusunun endirdiyi zərbələrd nəticəsində başıpozuqluq yarandığını deməyə əsas verir.

Akopyan bildirib ki, məğlubiyyətin birinci səbəbkarı rəhbərlik və döyüşün idarə edilməsində buraxılan səhvlər olub. Orduda iki il əvvəl başlayan dəyişikliklər nəticəsində şəxsi heyətinin sayının azaldılması da general Akopyana görə, məğlubiyyətdə az rol oynamayıb.

Akopyan deyib ki, döyüş gedən ərazidən hərbçilərin İrəvana çağırılması doğru addım deyildi. Gərgin döyüşlər getdiyi zamanda Baş nazir Nikol Paşinyan hərbi qulluqçuları “divarın altında ulayanlarla” məsələləri həll etmək, etirazlara müdaxilə etmək üçün İrəvana çağırıb.

O, yalan informasiyalara görə hökuməti tənqid edib: “Müharibə vaxtı yalanın həcmi 30 faizi ötməməlidir. Bizdə bu 100 faiz həcmində oldu və ölkəni dərin böhrana saldı. 44 gün ərzində yalan bizim ölkəmizi dağıtdı və çox dərin böhrana gətirib çıxardı”.

Akopyan səfərbərliklə bağlı problemlərin olduğunu da deyib. Onun sözlərinə görə, döyüşlərin üçüncü günü Qarabağda səfərbərlik hesabına ordunun komplekləşdirilməsi 78%, Ermənistanda isə 52% təşkil edib. Paşinyan müharibənin üçüncü günü hərbi hissələrin ehtiyatda olanlar tərəfindən komplekləşdirilməsini dayandırmağı, bunun yerinə hazırlanmamış könüllüləri yığmağı əmr edib: “Döyüşlərin beşinci günü artıq Qarabağdan 1500 nəfər qaçmışdı. Qaçanların bəziləri könüllülərdən, sonra isə təhkim edilmiş şəxsi heyətdən idi. Onlar gedib panika yaymamaları üçün Qarabağda saxlanılıb Ermənistana buraxılmadılar”.

General Akopyan müharibədə Ermənistanın “İsgəndər” əməliyyat taktiki raket komplekslərindən istifadə etdiyini desə də, raketlərin hansı istiqamətdə istifadə olunduğunu və hara atıldığını açıqlamaqdan imtina edib. General müharibədən əvvəl Rusiyadan Su-30SM döyüş təyyarələrinin satın alınmasının əleyhinə olduğunu da deyib: “Mən dəfələrlə rəhbərliyi bu fikirdən daşındırmağa çalışdım. Amma dinləmədilər”.

Akopyan “Osa” zenit-raket komplekslərinin alınmasına qarşı çıxdığını bildirib. “Onlar “Tor” ZRK yerinə “Osa” aldılar. Hansı ki, heç bir pilotsuz təyyarəni vura bilmədi”.

Xanım Akopyan general Akopyanın “torbasını tikib”

General Akopyan Paşinyanın xanımı Anna Akopyanın döyüşən hərbçilərin “əl-ayağına dolaşdığını”, onun şəxsən cəbhədən uzaqlaşdırılmasında, “torbasının tikilməsində” xanım Akopyanın rol oynadığını açıqlayıb.

Generalın sözlərinə görə, o Anna Akopyanı komanda idarəetmə  məntəqəsində görüb. Anna Akopyan orada general-leytenant Samvel Babayanla birlikdə monitorda döyüşlərdən çəkilən görüntüləri izləyirmiş.

“Mən ona yaxınlaşdım və dedim ki, məntəqəni tərk etsin. Burada kişilər danışırlar, söyüşürlər. O “yaxşı” dedi. Dörd saat sonra məni İrəvana Müdafiə Nazirliyinə çağırdılar. Mən gəldim və gözləməyə başladığım nə vaxt Qarabağa qayıdacağam. Amma nazir mənə dedi ki, daha ora getməməliyəm. O, mənə Paşinyanın adından Qarabağa ordunun komanda məntəqəsinə getməyi qadağan etdi”, – deyən Movses Akopyan jurnalistlərə Paşinyanın nömrəsinə göndərdiyi mesajı göstərib. Bildirib ki, Baş nazir, onun mesajına cavab verməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş