General Polad Həşimov haqqında “Komandir” filmi çəkiləcək

General Polad Həşimov haqqında “Komandir” filmi çəkiləcək

Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır.

“AzeriDefence”nin AZƏRTAC İnformasiya Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə filmin ssenari müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib.

C.Qasımovun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir” adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.

C.Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.

O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş