General-polkovnik Elçin Quliyev: DSX-nin maddi-texniki bazası möhkəmləndirilir

General-polkovnik Elçin Quliyev: DSX-nin maddi-texniki bazası möhkəmləndirilir

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.

Azeri Defence saytının məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

General-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir: “Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə Vətənə məhəbbət və qələbəyə inam hisslərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.

İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. 2016-cı ildən başlayaraq Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi və yenə də, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir”, – deyə general-polkovnik Elçin Quliyev vurğulayıb.

DSX rəisi bildirib ki, keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

“Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Cənubi Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır”, – deyə DSX rəisi vurğulayıb.

Elçin quliyev bildirib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib: “Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə qeyri-real görünsə də, artıq günümüzün reallığıdır. Bunun üçün Prezident  İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Azərbaycan Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir”.

DSX rəisi onu da əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-2019-cu illərdə altı dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.

KATEQORIYA:
Bu xəbəri paylaş