General-polkovnik Məhərrəm Əliyev: Danışıqlar masasında hərbi güc faktoru da nəzərə alınır

General-polkovnik Məhərrəm Əliyev: Danışıqlar masasında hərbi güc faktoru da nəzərə alınır

Azərbaycan xalqı öz Ali Baş Komandanının verəcəyi əmri gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir.

“AzeriDefence”nin məlumatına görə, bunu SİA xəbər agentliyinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Azərbaycanın yalnız güclü diplomatiyasının deyil, hərbi ritorika faktorunun da mövcud olduğuna diqqət çəkən general-polkovnik M. Əliyevin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar əməli işlərlə isbata yetirilir.

“Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır”, – deyə general bəyan edib.

General-polkovnik Məhərrəm Əliyev onu da vurğulayıb ki, güclü orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Azərbaycan danışıqlar masasında oturursa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

“Əslində ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Misal üçün, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar. Amma göründüyü kimi kökündən yanılırlar”, – deyə general vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş