General-polkovnik Məhərrəm Əliyev: Pakistan ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları təklif edən qardaş ölkələrdəndir

General-polkovnik Məhərrəm Əliyev: Pakistan ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları təklif edən qardaş ölkələrdəndir

Pakistan İslam Respublikası Qarabağ münaqişəsi başladıqdan sonra Türkiyə ilə yanaşı Azərbaycana ilk dəstək göstərən dövlətlərdəndir.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev deyib.

“Bu ölkə müstəqilliyimizi də ilk olaraq tanıyan dövlətlər sırasındadır. Bunun isə tarixi məqamları ilə yanaşı, mənəvi məqamları da var. Çünki Azərbaycanla Pakistan arasındakı bağlılıq özündə bir sıra mühüm, həyati sarsılmazlığı əks etdirməkdədir.

Digər tərəfdən, Azərbaycan dövləti və bu gün dünyada nüfuzu ilə seçilən Heydər Əliyev Fondu daim dost Pakistan dövlətinə, xalqına öz dəstəyini əsirgəməyib. Həmin ölkədə baş verən təbii fəlakətlər zamanında da, müxtəlif tədris müəssisələrinin tikintisində də, başqa bir sıra müvafiq məsələlərdə də Azərbaycan Pakistanın yanında olub. Pakistan dövləti də müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizə ardıcıl dəstəyini göstərib. O cümlədən, hərbi sahədə də əməkdaşlıqlarımız mövcuddur. Ən mühüm məsələ isə budur ki, dost və qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə yanaşı, bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Bu siyasətin təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən – Pakistanla münasibətlərin möhkəmləndirilməsindən başlayaraq qoyulub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurlar davam etdirilməkdədir. Əbəs deyil ki, dövlətimizin başçısı “Azərbaycan bütün məsələlərdə Pakistanın yanındadır” kəlamı ilə bu birliyin möhkəm əsaslara söykəndiyini isbatlayıb. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil barədə danışarkən onu da xatırlada bilərəm ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib”, – deyə general-polkovnik Məhərrəm Əliyev vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Pakistan ölkəmizə müxtəlif müdafiə sənayesi məhsulları təklif edən qardaş ölkələrdəndir: “Eyni zamanda, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığı yeni mərhələyə doğru yüksəldib. Statistik rəqəmlər də əldə edilən uğurlu hərbi əməkdaşlığı təsdiq edir. Belə ki, son üç ildə hərbi sahədə Pakistandan Azərbaycana 52, ölkəmizdən Pakistana isə 42 səfər gerçəkləşib. Hazırkı dövrə qədər isə, 350-dən çox azərbaycanlı hərbçinin Pakistanda müxtəlif kurslarda iştirak edib”.

General-polkovnik Məhərrəm Əliyev bildirib ki, iki ölkə arasındakı görüşlər bu gün də davam edir. Sentyabrın əvvəlində Moskvaya səfəri zamanı müdafiə naziri Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüş keçirib.

“Görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Görüşdə digər mühüm məsələlərlə yanaşı, Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub. Bütün bunlar ölkələrimiz arasındakı münbit əməkdaşlıqların, dostluğun və qardaşlığın bariz nümunəsidir.

Qeyd edim ki, yüksək vəzifəli dövlət məmurundan sıravi vətəndaşa qədər qardaş Pakistan Respublikasına böyük rəğbət və məhəbbət hissləri vardır. Çox məmnunuq ki, biz eyni münasibəti qarşı tərəfdən görürük”, – deyə Məhərrəm Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş