Gürcüstan ABŞ-dan “Javelin” komplekslərinin ilk partiyasını alıb

Gürcüstan ABŞ-dan “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin ilk partiyasını alıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bu sözləri yanvarın 23-də ABŞ-ın Gürcüstandakı səfiri Yanom Kelli, Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşdə deyib.

Gürcüstanın müdafiə naziri L.İzoriya bildirib ki, “Javelin” kompleksləri Gürcüstana gətirilib və hazırda təhlükəsiz yerdədir. Gürcü hərbçiləri tezliklə, yeni komplekslərin istifadə edilmə qaydalarını mənimsəmək üçün müvafiq təlim kursu keçəcəklər.

Xatırladaq ki, 2017-ci ilin noyabr 17-də ABŞ Dövlət Departamenti Gürcüstana FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Müqaviləyə əsasən ABŞ Gürcüstan Ordusuna 75 milyon dollar dəyərində 410 ədəd “Javelin” raketi, 72 ədəd buraxıcı qurğu, habelə ehtiyat hissələr, 70 simulyator tədarük edəcək. Eyni zamanda təlimlər keçirələcək.

“Javelin” raket kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

2017-ci ilin noyabr 13-də ABŞ müdafiə naziri Ceyms Mettisom Gürcüstan müdafiə naziri Levan İzoriya ilə görüşdə bildirib ki, 2017-2018-ci illərdə ABŞ tərəfindən Gürcüstana ediləcək hərbi yardımlar 100 milyon dolları ötəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş