Gürcüstan silahlarını beynəlxalq sərgiyə çıxarıb – FOTO

Gürcüstanın “Delta” Hərbi-Elmi Mərkəzi İordaniyanın paytaxtı Amman şəhərində keçirilən SOFEX-2014 xüsusi təyinatlı qüvvələr sərgisində özünün bir sıra məhsullarını beynəlxalq nümayişə çıxarıb. “AzeriDefence”nin məlumatına görə, sərgidə Delta tərəfindən istehsal olunmuş “Lazika” adlı piyadaların döyüş maşını, “Didgori” adlı kəşfiyyat-döyüş maşını, GG-122 reaktiv artilleriya sistem, müxtəlif çaplı minaatanlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və onların döyüş sursatları nümayiş etdirilir.

Sərgidə məlumat verilib ki, gürcü mütəxəssislər tərəfindən “Qrad” reaktiv atəş sistemi əsasında dizayn olunmuş GG-122 sistemi KrAZ-63221 markalı zirehli maşının şassisi üzərində yerləşir. Maşının zirehi heyəti qəlpələrdən, nüvə, bakterioloji və kimyəvi hücumlardan qorumağa imkan verir. Bu sistemin atış uzaqlığı 40 km təşkil edir. GG-122-də atəşin idarə edilməsi prosesi kompüterləşdirilib.

Sərgidə nümayiş olunan Gürcüstan silahları arasında diqqət çəkəni isə xüsusi təyinatlılar üçün hazırlanmış GNM-60 “Mkudro” adlı 60 mm çaplı səssiz minaatan olub. Xüsusi əməliyyatlar üçün işlənib hazırlanmış bu minaatan hərbçilərə gizli qalmaqla düşmənə atəş açmaq imkanı verir. Uzunluğu 395 mm, çəkisi 2,5 kq, atış tempi dəqiqədə 30 atəş təşkil edən “Mkudro” ilə 85° bucaq altında atəş açmaq mümkündür. Minaatanda tətbiq olunan 1.5 kq çəkiyə malik minanın effektiv təsir radiusu 25 metr, atış məsafəsi 450 metr, atış zamanı səs səviyyəsi 69 db təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş