Gürcüstan Su-25 təyyarələrinin təmirini və istehsalını düşünür

Gürcüstan Su-25 təyyarələrinin təmirini və istehsalını düşünür

“Gürcüstan öz səyləri ilə Su-25 təyyarələrini təmir edə, istehsal edə və sata bilər. Bunun üçün bütün mənbələrimiz var”.

“AzeriDefence”nin “Interpressnews” saytına istinadən verdiyi məlumata görə, bunu “Palitranews” kanalına müsahibəsində Gürcüstanın  müdafiə naziri İrakli Qaribaşvili bildirib.

Nazirin fikrincə, Su-25 təyyarələrinin istehsalı, təmiri və təkmilləşdirilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, kommersiya layihəsi də ola bilər.

“Əsas problemlərimizdən biri işə başladığım gündən aviasiyanın inkişafıdır. Baş Qərargahla birlikdə silahlanmamızda olan çox sayda uçuş platformasının təmir edilməsi üçün plan hazırladıq. Bütün bunları “STC Delta” və “Tbilaviamşeni” ilə birlikdə edə bilərik. Bildiyiniz kimi, “Delta”nın direktorunu eyni vaxtda “Tbilaviamşeni”nin direktoru təyin etmişik və artıq bu istiqamətdə bütün zavodu təmizləməyə başlamışıq”, – deyə nazir vurğuayıb.

Qaribaşvili Müdafiə Nazirliyinin özəl şirkətlərlə əməkdaşlığı da istisna etməyib.

Müdafiə naziri Gürcüstanın silah və döyüş sursatların bəzi növlərinin yerli istehsalının yaradıldığını, hazırda atıcı silahlar üçün NATO standartlarına uyğun döyüş sursatlarının istehsalı müəssisəsinin yaradılması layihəsinə baxıldığını qeyd edib.

Nazir təyin edildiyi zaman hərbi infrastrukturun bərbad vəziyyətdə olduğunu deyən İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstan Ordusunun bütün hərbi bazaları ABŞ və NATO-ya üzv digər ölkələrdə olduğu kimi eyni standartlara uyğun qurulacaq: “İnfrastruktur ordumuz üçün ən böyük problemlərdən biri idi. Bəzi seçilmiş bazalar yalnız nümayiş məqsədləri üçün təmir edilirdi. Keyfiyyət aşağı olduğundan hər 2-3 ildən bir bazaları yeniləməli olurduq. İndi bütün hərbi bazalarımız ABŞ və NATO-ya üzv digər ölkələrdə olduğu kimi eyni standartlara uyğun qurulacaq”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş