Gürcüstan Su-25 təyyarələrinin müasirləşdirilmiş versiyasının istehsalına hazırlaşır

Tiflis Aviasiya Zavodu (Tbilaviamşeni – TAM) Su-25 döyüş təyyarələrinin dərin müasirləşdirilmiş variantının istehsalını yeniləməyi planlaşdırır. “AzeriDefence”nin məlumatına görə, bu barədə Gürcüstanın “Kviris Palitra” qəzeti TAM-ın direktoru Nodar Beridzeyə istinadən bildirib.

Müasirləşdirilmiş təyyarə Ge-31 “Bora” (“Çalağan”) indeksini alacaq (Ge- Gürcüstanın beynəlxalq indeksi, 31 isə 1966-cı ilə qədərki nomenklatura üzrə TAM-ın keçmiş sovet nömrəsidir).

2008-ci il avqust müharibəsindən sonra Rusiyadan təyyarənin mühərriki və hissələrinin alınmasında problem yarandığını deyən N. Beridzenin sözlərinə görə, gürcü mühəndislər Rusiya istehsalı olan hissələr olmadan Su-25 təyyarəsinin dərin müasirləşdirilmiş versiyasını yaradıblar. Ge-31 təyyarəsi Su-25K və Su-25T təyyarələrinin planerinə malik olacaq. Lakin təyyarədə qərb ölkələrində hazırlanmış elektronika qurulacaq.

Mühərrikə gəlincə, Beridze bununla bağlı fransız və italyan firmaları ilə danışıqlar aparıldığını bildirib. Təyyarə həmçinin İngiltərənin “Martin Baker” firmasının katapult oturacaqları ilə təchiz olunacaq. Xüsusi diqqət isə təyyarənin özünümüdafiə kompleksinə ayırılacaq. Ge-31-də həm qərb, həm də Rusiya silahları tətbiq oluna biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş