Gürcüstanın BRDM-2 modernizasiyası – FOTOLAR

Gürcüstanın “Delta” Hərbi Tədqiqatlar Mərkəzi BRDM-2 kəşfiyyat-dozor maşınlarının modernizasiyası ilə bağlı layihə həyata keçirir. “AzeriDefence”nin məlumatına görə, hərbi müəssisənin layihəsi əsasında BRDM-2 distans döyüş modulu ilə təchiz edilib. Maşının xarici dizaynında müəyyən dəyişikliklər aparılıb, mühərrik gücləndirilib.

Belə ki, Gürcüstanda aparılmış modernizasiya nəticəsində BRDM-2 maşını 160 at gücündə yeni mühərriklə (baza versiyada 140 at gücündə) təchiz olunub. Mexaniki ötürmələr qurusuna malik maşının əməliyyat radius 500 km təşkil edir. Nəqliyyat vasitəsinin ön və arxa hissələrdə qurulmuş gecə-gündüz kameralarından alınan görüntü sürücü-mexanik və atıcının önündəki monitora ötürülür. Bundan başqa maşının sağ və sol künclərində görmə imkanını artırmaq üçün pəncərələr açılıb. Burun hissədə isə məftil maneələri kəsmək üçün iki cüt qatlanan bıçaq yerləşdirilib.

Heyət maşına sağ və sol yanlardakı qapılardan daxil olur.

Gürcüstan BRDM-2 modernizasiya layihəsində əsas diqqət çəkən dəyişikliklərdən biri də maşının döyüş moduludur. Həddən artıq böyüklüyü ilə diqqət çəkən bu distans idarəetməli döyüş moduluna bir ədəd 23 mm çaplı 2A14 topu və bir ədəd 7.62 mm çaplı ПКТ pulemyotu və optik nişangah daxildir. Döyüş maşınının sağ və sol yanlarında 4 ədəd tüstü qumbarası quraşdırılıb. Modulun döyüş ehtiyatı 23 mm-lik top üçün 100, 7.62 mm-lik pulemyot üçünsə 500 patrondur. Topun və pulemyotun sursatla qidalanması bayırdan həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş