Gürcüstanın dolu əleyhinə raket sistemi – FOTOLAR

Gürcüstanın “Delta” Hərbi-Elmi Mərkəzi yeni dolu əleyhinə raket sistemi hazırlayıb. Bu günlərdə “Delta”da səfərdə olan “AzeriDefence”nin əməkdaşlarına yeni sistem barədə məlumat alıb, “Delta”nın nəzdində qurulan doluya qarşı mübarizə mərkəzinin operator bölməsində olublar.Yeni sistem Gürcüstanın Kaxeti bölgəsində 83 nöqtədə qurularaq istifadəyə verilib.

Sistem 60 mm-lik raketlərdən, xüsusi proqram təminatından, hava radarından, Mərkəzi Nəzarət Stansiyasından, Avtomatlaşdırılmış Atış-Kotrol Sistemindən, SD-56 və ya SD-26 raket buraxıcısından ibarətdir. Sistemdə Almaniyanın “Selex ES” şirkətinin istehsalı olan C-band tezlikdə çalışan doppler radarlar qurulub. Bu radarlar 300 km-dək məsafəyə nəzarət edir, 100 km radiusda dolu buludlarını müəyyən edərək onların analizini aparır. Bundan sonra təhlükəli buludların əridilməsi üçün Mərkəzdən verilən komanda ilə reaktiv yaylım atəş sistemi buludlara raketləri buraxılmasını təmin edir.

“Delta” mütəxəssislərinin sözlərinə görə, sistemin bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Sistemdə tətbiq olunan 60 mm-lik raketlərin çəkisi 3550 qram, atış mənzili 7800-8000 metr, maksimum sürəti 600 metr/saniyədir. Ehtiyaca uyğun olaraq, raketlər 26 və 56 raketdən ibarət bloklarda yerləşdirilir. 360 dərəcə fırlanan modul 45-80 dərəcə bucaq altında atəş açır. Bu raketlər keçmiş SSRİ-də istifadə olunan “Alazan” raketlərindən fərqlənir.

Raket modulu universaldır. Bu sistem həm stasionar tətbiq edilə, həm də nəqliyyat vasitəsi üzərində qurula bilir. Bütün kompleksin enerji təchizatı sabit şəbəkədən, yaxud günəş panellərindən təmin olunur.

Mütəxəssislərin sözlərinə görə, raketin daxilində gümüş iodları (Silver Iodide) ilə yüklənmiş xüsusi toz yerləşdirilib. Raket dolu buluduna daxil olduqda partlayır. Raketin tərkibindəki maddələr reaksiyaya gedərək kristalları əridir və dolu yağış şəklinə salınır.

KATEQORIYA:
Bu xəbəri paylaş