Gürcüstanın müdafiə naziri Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib – FOTO

Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində tüğyan edən meşə yanğınlarının söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib.

“AzeriDefence” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Levan İzoriya Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib.

“Bizə göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq. Yanğınların monitorinqi məhz Azərbaycanın göndərdiyi helikopter vasitəsiylə həyata keçirilib. Yüksək əməkdaşlıq sayəsində, biz yanğının mərkəzlərini birgə aşkar edə bildik”, – deyə Gürcüstanın müdafiə naziri vurğulayıb.

L.İzoriya izah edib ki, yanğın minimallaşdırılıb, ancaq külək yanğının tamamilə söndürülməsinə imkan vermir.

Müdafiə naziri bildirib ki, Azərbaycan və digər ölkələrin göstərdiyi köməklik sayəsində yanğının davam etdiyi ərazinin yaxınlığında yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün bacardıqları hər şeyi edəcəklər.

Qeyd edək ki, təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş