Hafiz Səfixanov: “Son 5 ildə 1 milyon 160 min kasetli silah məhv edilib”

Kasetli Silahlar Əleyhinə Konvensiyasının qüvvəyə minməsinin 5-ci ildönümü münasibətilə mətbuat konfrasnı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bu tip silahlar haqqında danışaraq, silahın insanlar üçün ciddi təhlükə mənbəyinə çevrildiyini deyib.

Konvensiya haqqında məlumat verən H. Səfixanov bildirib ki, 2008-ci ilin dekabrın 3-də sənəd BMT-nin təşəbbüsü ilə bəzi ölkələr tərəfindən imzalansa da, konvensiya 2010-cu il avqustun 3-də qüvvəyə minib.

Hazırda 117 ölkənin konvesiyanın üzvü olduğunu deyən, Birlik rəhbəri son 5 il ərzində 1 milyon 160 min kasetli silahın məhv edildiyini söyləyib. Onun sözlərinə görə, bu da 140 milyon sub-sursat deməkdir.

H. Səfixanov son illərdə Liviya, Sudan, Ukrayna və Yəməndə baş verən müharibələrdə bu silahdan istifadə olunduğunu da qeyd edib.

Azərbaycanla bağlı danışan H. Səfixanov bildirib ki, Dağlıq Qarabağdakı müharibədən əvvəl bu tip silahlara ölkəmizdə rast gəlinməyib: “ANAMA-nın apardığı araşdırmalar zamanı isə məlum olub ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın Saloğlu, Z. Tağıyev qəsəbəsində, Gücdək, Ceyrançöl, Gürcüstanla sərhəddə kasetli silahlara rast gəlinib. Bu onunla əlaqədardır ki, Sovet Ordusu tərk edilən zaman ciddi yanlışlıqlara yol verilib. Bununla da minalar ciddi təhlükə mənbəyinə çevrilib”.

O deyib ki, Azərbaycan kasetli minalarla bağlı məlum konvensiyaya qoşulmasa da, qanunun humanitar aksiyalarına dəstəyini verir.

H. Səfixanov onu da qeyd edib ki, cəbhə bölgəsində 7 ay ərzində 7 hadisə qeydə alınıb: “11 nəfərin zərər çəkib. 3 hərbçi şəhid olub, 8 nəfər yaralanıb. Bu hadisə Tovuz, Qazax, Ağdam və Goranboy ərazilərində baş verib”.

KATEQORIYA:
Bu xəbəri paylaş