HAVELSAN paraşütçü simulyatorunu ADEX-2016 sərgisində nümayiş etdirəcək

Türkiyənin HAVELSAN şirkəti paraşütçü simulyatorunu sentyabr ayında Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sərgisində əyani şəkildə sərgiləməyi planlaşdırır.

Bu barədə Qazaxıstanda keçirilən KADEX-2016 sərgisində təmsil olunan HAVELSAN şirkətindən bildirilib.

HAVELSAN sərgidə özünün komanda-kontrol, simulyasiya, kiber təhlükəsizlik daxil olmaqla müxtəlif həllərini təqdim edəcək. Şirkət həmçinin Azərbaycanın hərbi qurumları üçün Yaşayış Məntəqələrində Döyüş Simulyatorunun da təqdimatını keçirməyi düşünür.

HAVELSAN-ın paraşütçü simulyatoru dayaqlar üzərində yerləşir və istənilən əraziyə daşınaraq asanlıqla qurula bilir. Təlim zamanı bütün görüntülər 3D gözlük üzərindən istifadəçiyə ötürülür və eyni zamanda ekranda izlənilir. Görüntünün işlənməsi, reallığın artırılmasına və digər funksiyalarına görə PARASİM simulyatoru ilə müqayisədə bəzi üstünlükləri var. Simulyatorda istənilən təyyarə və helikopterdən paraşütlə tullanmanı imitasiya eləmək imkanı mövcuddur. Bundan başqa, müəllim istifadəçi üçün istənilən coğrafi mövqe, hava və iqlim şəraitini seçə bilir. Simulyatorda HAVELSAN-ın digər Yaşayış Məntəqələrində Döyüş, PUA və Artilleriya Atış simulyatorları ilə şəbəkə yaratmaqla lokal döyüş əməliyyatının öncədən imitasiyasını aparmaq mümkündür. Paraşütçü simulyatoru tək və bir neçə simulyatorla birgə şəbəkə halında istifadə oluna bilir. Eyni zamanda paraşütlə tullandıqdan yerə enənədək baş verən proseslər sonradan analiz üçün qeydə alınır.

Paraşütçü simulyatoru desantları praktik tullanışlara təyyarə ilə uçuş etmədən hazırlamaq, yüksəklik qorxusu sindromunu aradan qaldırmaq, təlimə sərf olunan xərcləri azaltmaq məqsədi ilə yaradılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş