Hərb Tarixi: Mistik Koroğlu, yoxsa tarixi şəxsiyyət Dəli Həsən ? – BİLMƏDİKLƏRİMİZ

Azərbaycanda xalq qəhrəmanı Koroğlu haqqında demək olar ki eşitməyən, bilməyən yoxdur. XVII yüzillikdə feodallara qarşı mübarizənin simvolu olan Koroğlunun adı xalq tərəfindən dastanlaşdırılıb, son illərdə küçəyə, metroya verilib. Azərbaycanın müxtəlif rayonlarında və Bakıda xalq qəhrəmanının abidəsi ucaldılıb.

Əslində XVII əsrdə feodallara qarşı xalq üsyanlarından bəhs edilərkən nə Səfəvi, nə də Osmanlı tarixi mənbələrində Koroğlunun adına rast gəlinmir. Sadəcə bu günkü Naxçıvan, Qərbi Azərbaycan və Türkiyənin şərq vilayətlərini (Ərzrum, Qars) əhatə edən Cəlalilər üsyanı və onun liderlərindən söhbət açılır. Başqa sözlə ifadə etsək, Koroğlu xalqın öz təxəyyülündə yaratdığı və görmək istədiyi mistik bir qəhrəman olaraq xalq yaradıcılığında mövcuddur.

Koroğludan fərqli olaraq, dastanlarda adı keçən, müasir dillə ifadə edilsə, Koroğlunun “qərargah rəisi” olan Dəli Həsən isə tarixdə mövcud olmuş  şəxsiyyətdir. Dəli Həsənin kimliyi və fəaliyyətinə dair Osmanlı qaynaqlarında kifayət qədər məlumatlar mövcuddur.

Əvvəlcə onu qeyd edək ki, Cəlalilər üsyanı Osmanlı sultanı III Mehmed dönəminə təsadüf edir. Üsyanın məşhur liderlərindən biri də məhz Dəli Həsənin qardaşı Qara Yazıcı (Karayazıcı) olub. Əsl adının Əbdülhalim olduğu bilinən Qara Yazıcının bəzi mənbələrdə Urfa, bəzi mənbələrdə isə Çorum bölgəsindən olduğu qeyd edilir. Venetsiyanın Hələbdəki konsulu Qara Yazıcının üsyandan əvvəl Hələb paşasına katiblik etdiyini yazır.

Sivasda çalışdığı zaman bölgəyə göndərilən məmura tabe olmayan Qara Yazıcı ətrafına kəndliləri toplayaraq onu qətlə yetirir. Daha sonra, üzərinə göndərilən bəylərbəyiliyi qüvvələrini məğlub edərək dağlara çəkilir. 1600-cü ildə Urfanı ələ keçirərək özünü bölgənin hökmdarı elan edir. Bundan sonra üzərinə göndərilən Hacı İbrahim Paşa komandanlığındakı qüvvələrini məğlubiyyətə uğradır. Həmin dövrdə Qara Yazıcının əmrində 20 minə yaxın üsyançının olduğu söylənilir.

Vəziyyətin çətinləşdiyini görən sultan Bağdad valisi Sokulluzadə Hasan Paşanı Qara Yazıcı üsyanını yatırmaq üçün qoşuna sərdar təyin edir. 1601-ci ildə baş verən döyüşdə Qara Yazıcı məğlub olaraq Samsun istiqamətinə çəkilir və 1602-ci ildə dağlarda ölür. Onun ölümündən sonra Cəlalilər hərəkatının liderliyinə qardaşı Dəli Həsən keçir.

Dəli Həsən cəsur və qorxmaz bir şəxs olaraq üsyançı qüvvələri mütəşəkkil şəkildə idarə etməyi bacarır. Bağdad valisi Sokulluzadə Hasan Paşanı Toqqat şəhərində mühasirəyə alır. Hasan Paşa qaladan qaçmağa cəhd edərkən tüfəngdən açılan atəş nəticəsində öldürülür. Toqqatın müasirəsini qaldırdıqdan sonra Dəli Həsən Ankarayadək böyük bir ərazidə feodallardan xərac alır.

1602-ci ildə üzərinə göndərilən Diyarbəkir bəylərbəyi Xədim Xosrov Paşanın qüvvələrini məğlub edən Dəli Həsən Kütahya qalasını ələ keçirərək yandırır.

Avstriya ilə müharibə aparan Osmanlı dövləti Dəli Həsən liderliyindəki üsyançı qüvvələri silah gücü ilə yenə bilmir. Şərqi və Mərkəzi Anadoluda üsyançılarla davam edən müharibələr ordunun gücünü zəiflətdiyindən sədrəzəm Yemişçi Həsən Paşa Dəli Həsəni danışıqlar yolu ilə silahı yerə qoymağa razı sala bilir. 1603-cü ildə Dəli Həsənə Bosniya bəylərbəyi, tabeliyindəki dəstə başçılarına isə əvvəlki əməlləri əhv olunmaqla sancaqbəyliyi və digər vəzifələr verilir. Bəylərbəyi təyin olunan Dəli Həsən tabeliyindəki 400 nəfər qüvvə ilə Avstriya üzərinə göndərilir. Bosniyadakı fəaliyyəti və orada əhaliyə qarşı sərgilədiyi münasibət İstanbulu rahatsız etdiyindən oradan Teməşvar bəylərbəyiliyinə təyin olunur. Esterqon qalasının 1605-ci ildə Osmanlı qoşunları tərəfindən Avstriyalılardan geri alınmasından sonra öldürüləcəyi xəbərini duyan Dəli Həsən Belqrada qaçır. Lakin 1606-cı ildə Belqradda yaxalanan Dəli Həsən Tiryaki Həsən Paşanın əmri ilə edam olunur.

Dəli Həsən Osmanlı sultanı tərəfindən Bosniya bəylərbəyi təyin edildikdən sonra da Cəlalilər üsyanına son qoyulmamış, Tavil Əhməd, Canpoladoğlu, Qələndəroğlu kimi liderlərin rəhbərli altında üsyan 1610-cu ildək davam etmişdir. 1606-cı ildə üsyanı yatırmaq üçün tapşırıq alan və böyük ordu ilə bölgəyə gələn sədrəzəm Quyuçu Mustafa Paşa üsyançılara qarşı ciddi cəza tədbirləri həyata keçirir. Üsyançıları kütləvi şəkildə edam etdirən Mustafa Paşa onların cəsədlərini quyularda basdırdığına görə sonradan Quyuçu adını alır. Onun bu dönəmdə 65 min nəfəri öldürtməsi məlumdur. 1620-ci illərdə təkrar başlanan üsyanlar isə çox keçmədən yatırılır, onların liderlərinə dövlətdə vəzifələr verilir, üsyançı dəstələr isə müxtəlif yollarla razı salınaraq Avstriya ilə gedən müharibə zamanı ordu sıralarında daxil edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş