Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulmasının qarşısının alınmasında və əks həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlara həsr olunan tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və işğalçı mövqeyini davam etdirdiyini bildirib.

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını vurğulayan Ə. Qənizadə deyib ki, aprelin əvvəlindəki hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir olduğunu sübut edib.

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Müdafiə Nazirliyinin zabitləri və digər qonaqlar mövzu ətrafında çıxış edərək xalqın orduya güvəndiyini, Azərbaycan əsgərinin bundan sonra da ermənilər üzərində tam layiqli qələbə qazanacaqlarına əminliklərini bildiriblər.

Sonra Azərbaycan Ordusunun hərbi əməliyyatlarından bəhs edən videoçarx nümayiş etdirilib, bədii proqram təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş