Hərbçi Rəyi: Lələtəpənin və Talışın ətraf yüksəkliyinin geri alınması böyük uğur hesab olunmalıdır

Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu gün Ağdərənin Talış, Seysulan kəndləri və Füzuli rayonu ərazisindəki Lələtəpə yüksəkliyi Ermənistan Ordusunun işğalından azad edilib. Artıq sosial şəbəkələrdə işğaldan azad edilmiş bu məntəqələr ətrafında müəyyən müzakirələr başlayıb.

“AzeriDefence”nin məlumatına görə, ehtiyatda olan zabit Nazim Bayramov Ağdərənin Seysulan və Talış kəndlərinin əhəmiyyətini və burada 1992-ci ildə keçirilmiş əməliyyatlar barədə fikirlərini bölüşüb.

N.Bayramovun sözlərinə görə, yüksəklik olmayan Seysulan kəndində müharibədən əvvəl Azərbaycanın erməni əsilli vətəndaşları yaşayıblar. Seysulana ilk dəfə hücüm, Xocalıya hücuma keçmiş düşmən qüvvələrini yayındırmaq məqsədilə 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə həyata keçirilib. Hücumu Tərtərin o vaxtkı polis rəisi polkovnik Ələsgər Əliyev və müavini Rasim Vəliyev təşkil edib. “Milli Qurtuluş” taborunun komandiri Cahangir Kərimov, müavini Fuad Rzayev, “Azadlıq” taborunun komandiri Ələmşah Məmmədov dəstələriylə həyata keçiriblər. Döyüşə Tərtər polis bölməsi və Seyidimli, Cəmilli rotasının döyüşçüləri də qatılıblar. Kəndin alınması zamanı “Qurtuluş” taborunun komandiri Cahangir Kərimov, “Qurtuluşun” döyüşçüsü İlqar Hüseynov (Bakının Saray qəsəbəsindən) şəhid olub.

O zamandan Seysulanda yaşayış olmayıb. 1994-cü ildə kənd təkrar ermənilər tərəfindən işğal olunub. Bu günə kimi oradan düşmənin müdafiə xətti keçib.

“Seysulanın geri alınması o ərazidəki cəbhə xəttinin konfiqurasiyasını xeyrimizə dəyişməklə, onun digər mövqelərinin cinahlarına daim təhdid yaratmaq imkanı verir”,- deyə N. Bayramov qeyd edib.

Bayramovun sözlərinə görə, Talış kəndinin üstündəki yüksəklik Tapqaraqoyunlu- Borsunlu- Torpaqtəpə- Tərtər- Goranboy yol boyu Tərtərin kəndlərini əhatə edən ərazilərin komanda yüksəkliyidir: “Talış kəndi və həmin yüksəklik ilk dəfə Şaumyan əməliyatının davamında 92-ci ilin iyunun 16-ı Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənovun 1-ci Goranboy taboru və komandiri olduğum tank taboru tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində alınmışdı. Daha sonralar (səhv etmirəmsə 1994-cü ildə) yüksəklik itirilib, yüksəkliyi qaytarmaq məqsədilə 1994-cü ilin şiddətli hücumları nəticə verməmişdi. Hərbi əhəmiyəti ilə bərabər, məhz yuxarıda göstərdiyim səbəbdən də Talışın ətraf yüksəkliyinin bu gün ordumuz tərəfindən alınması böyük uğur hesab olunmalıdır”.

Horadiz yaxınlığında düşməndən azad edilmiş Lələtəpə yüksəkliyi isə 1994-cü ilin Horadiz əməliyatı zamanı nəzarətimizə keçsə də sonra itirilib: “Yüksəklik, Ordumuza Horadiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almağa imkan verir. Bu yüksəkliyin geri alınması Horadiz şəhərinə, Horadiz və Qazaxlar kəndinə, habelə Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində olan Azərbaycan Ordusunun mövqelərinə olan təhlükəni aradan qaldırmış oldu. Xüsusilə də region üçün həyati əhəmiyyət daşıyan Horadiz dəmir yolu stansiyasına yaranan təhdid sovuşduruldu”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş