Hərbi ekspert: Ermənistan Azərbaycanın NATO-ya üzv ölkə ilə təlimlərindən narahatdır

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən bu gündən Gürcüstanın Saçxere təlim mərkəzində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2017” birgə təlimi keçirilir.

Üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında birgə təlimlərin keçirilməsini “AzeriDefence”yə şərh edən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, son vaxtlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi münasibətlərin aktivləşməsi müşahidə olunur.

“Münasibətlərin silahlı qüvvələr səviyyəsində olması da sevindiricidir. Şəxsən bir hərbiçi olaraq bu birliyinin daha da möhkəmlənməsi məndə böyük maraq yaradır. Təlimlərin keçirilməsi hər bir ölkənin silahlı qüvvələrinin daha da təkmilləşdirir. Bir – biri ilə əlaqəli şəkildə qoşunların hazırlanması, döyüş hazırlığının yüksəldilməsi hər bir ölkənin ordu potensialını daha da gücləndirmiş olur”, – deyə ekspert qeyd edib.

Birgə təlimlərin keçirilməsinin Azərbaycan üçün nə kimi müsbət tərəfləri olacağı məsələsinə gəlincə, ekspert vurğulayıb ki, təlimlərdə 3 ölkə arasında NATO-nun aparıcı dövlətlərindən olan Türkiyə Silahlı Qüvvələri, o cümlədən NATO-ya üzvlüyə hazırlaşan Gürcüstan Silahlı Qüvvələri var: “Ötən illlərdə keçirilən təlimlərdə Azərbaycan Silahlı Qüvvələri demək olar ki, kifayət qədər bilik və bacarıq toplaya bilib. Hesab edirəm ki, yaxın zamanlarda bu üç tərəfli əməkdaşlığın davam gələcək. Qarşılıqlı səfərlər, hərbi təhsil sahəsində, döyüş hazırlığı məsələlərində və.s  əməkdaşlıq gücləndiriləcək”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistan və havadarları Azərbaycan Ordusunun güclənməsindən və NATO üzvü olan ölkələrlə birgə təlimlər keçməsindən narahatdır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin də iştirak etdiyi “Qafqaz Qartalı” birgə təlimi iyunun 14-dək davam edəcək.

Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Qazaxıstan, habelə Azərbaycan, Türkiyə və Pakistan arasında da üç tərəfli təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş