Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Azərbaycan Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə “AzeriDefence” Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini – Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə də qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərinin sayı 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı 3,4 faiz azalıb. 2016-cı illə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə 21 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrinin, eləcə də ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla belə, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Qeyd edilib ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanıb təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib. Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilmişdir.

Bildirilib ki, təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanılıb. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunmuşdur. Onlardan 40-ı üzrə cinayət işi başlanmışdır.

Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib. Qeyd edilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, bir sözlə cəzanın məqsədinə nail olunmasının təmin edilməsi üçün hesabat dövründə 68 məhkəmə prosesi səyyar qaydada keçirilib. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 2070 müraciətinə baxılıb, mərkəzi aparatda 973 vətəndaş qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3431 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə isə 2506 nəfər qəbul edilərək müraciətlərinə baxılıb.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirilib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kollegiyada, görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilmiş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb ediliblər. Həmçinin 2017-ci ildə Baş prokurorun “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun strukturunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 mart tarixli əmri ilə Respublika Hərbi Prokurorluğunda İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi yaradılmışdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş