Hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başlayıb

Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycanda kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunan kurs “Dinc Dünya” Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” layihəsi çərçivəsində keçirilir.

Bu gün start götürən təlimin nəzəri hissəsi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, son illər cəbhədə baş verən hadisələrdə medianın fəaliyyəti bəzi məqamlarda qane etməyib. Bu səbəbdən də bəzi media qurumlarının diqqətinə dövlətin narahatlığı çatdırılıb.

Layihənin rəhbəri Əlisafa Mehdiyev deyib ki, jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir: “Məqsəd jurnalistin düzgün informasiya alıb, cəmiyyətə çatdırılmasıdır. Layihə 1 ay davam edəcək və bu müddətdə jurnalistlərimiz hərbi medianın incəliklərinə öyrənəcəklər”.

O, bu layihənin həyata keçirilməsində əməyi olan aidiyyatı qurumlara öz minnətdarlığını bildirib.

BDU-nun jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov deyib ki, hər bir xalq özünü müdafiə etmək bacarığına yiyələnməlidir.

Professor bildirib ki, hazırkı cəmiyyətin adı “informasiya cəmiyyətdir”. Bu baxımdan da jurnalistikaya zərgər dəqiqliyi lazımdır: “Jurnalistin birinci biləcəyi, öyrənəcəyi məqam “dövlət, millət və vətən nədir?”, sualının cavabıdır. Bütün situasiyalarda bu üç əsas qayəyə diqqət yetirməlidir və buna uyğun işlərini qurmalıdır. Bizim hər bir yazımız dövlətin, millətin mənafeyi olmalıdır. Millətdə, dövlətdə, ölkə də bizimdir. Jurnalsitlər ictimai rəyi yaradan toplumdur. Ona görə də biz öz işimizdə bu prinsipləri əsas götürməliyik”.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib ki, layihənin bu sahəyə dair bütün məqamları əhatə edəcəyinə inanır: “Medianın cəmiyyətin inkişafında və formalaşmasında müstəsna rolu var. Odur quruculuğunda da medianın rolu danılmazıdır. Ona görə də cənab nazir Zakir Həsənov da bu tədbirlə bağlı müvafiq əmr verdi”. R. Əliyev deyib ki, düşmənlə mübarizə və bu kontekstdə media nümayəndələrinin hərbi jurnalistikaya meyil etməsi sevindiricidir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında mövzunun olduqca aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ABŞ-da hərbi informasiya ilə işləyən briqada mövcuddur. Bu baxımdan dünya ölkələrinin informasiyaya nə qədər önəm verdiyi artıq bəlli olur.

Ə. Amaşov bildirib ki, ötən ilin avqustunda cəbhə xəttindəki gərginlikdən sonra media qurumlarının fəaliyyəti Mətbuat Şurasını da narahat etməyə başlayıb: “Bu heç də bilərəkdən səhv kimi dəyərləndirmədik. Amma hərbi məlumatları yayan zaman jurnalsitlərin bir çox məsələlərin nəzərə almalı olduğunu diqqətlərinə çatdırdıq”.

Ə. Amaşov hərbi xəbərlərin verilməsində qanunvericilikdə də bir sıra dəyişikliyin edildiyini də söyləyib.

MŞ-nın sədri əlavə edib ki, bəzi hadisələr haqda informasiyanın alınmasında operativlik əhəmiyyət kəsb edir. Bir gün gecikirsə, artıq bu xəbər tarixə çevrilir. Onun sözlərinə görə, aidiyyatı dövlət qurumları bu məqama da diqqət yetirməlidirlər.

Ə. Amaşov BDU-nun jurnalistika fakültəsində hərbi media sahəsinin tədrisinin əhəmiyyəti ilə bağlı da məsələyə toxnub.

Müdafiə Nazirliyinin mətbat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı diqqəti ötən il cəbhədəki gərginlik zamanı medianın rolu haqda danışıb: “Müdafiə Nazirliyinin mətbuat xidməti hər zaman informasiyanın mediaya ötürülməsi üçün zəruri işləri görür. Həmçinin, jurnalistlərin hərbi hissələrə getməsi üçün qeydiyyatdan keçiriliblər. Artıq siyahı hazırdır və yaxın zamanlarda jurnalistlər akreditə kartını alacaqlar. Amma bu o demək deyil ki, jurnalist istədiyi hərbi hissəyə gedə biləcək. Bu həm də ona görədir ki, bir media qurumundan eyni gündə 3 jurnalsit Müdafiə Nazirliyinə sual ünvanlamayacaq”.

V. Dərgahlı qeyd edib ki, layihə çərçivəsində bütün bu məsələlər jurnalistlərin diqqətinə çatdırılacaq: “İşimiz ordumuzun möhkəmlənməsinə, ərazilərimizin azad olunmasına yönələcək”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu tədbirin əhəmiyyətindən danışaraq, deyib ki, bütövlükdə götürdükdə Azərbaycan jurnalistkası ordunun yanındadır:

Onun sözləriə görə, Azərbaycan jurnalistinin məəsuliyyəti əsgərin vəzifəsindən zəif deyil.

U. Rəhimoğlu qeyd edib ki, xüsusi icazəsi olmayan şəxsin hərbi bölmələrə girişi, bu sahədən yazması da o qədər qəbul olunan deyil.

Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu da bu layihənin icra olunmasına dəstək verilməsini müsbət dəyərləndirib.

O bildirib ki, jurnalistlə Müdafiə Nazirliyi birgə işləyəcəyi təqdirdə  qələbə olacaq.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqəti sosial şəbəkələrə yönəldib. O deyib ki, sosial şəbəkələr vasitəsilə təxribat xarakterli xəbərlər informasiya məkanına yol tapa bilir. Onun sözlərinə görə, mövcud durumda belə bir layihənin başlanması ümumi işə xeyir verə bilər: “Azərbaycan jurnalistikası güvəniləcək jurnalistikadır. Daim dövlətin və ordunun arxasındadır”.

Jurnalist Azər Həsrət deyib ki, Azərbaycan mediasının bir ciddi problemi var, bu da Ermənistanın dezinformasiyalarının arxasınca sürünmələridir: “Ordunu aşağılayabiləcək heç bir informasiya yayılmamalıdır. Çox istərdim ki, bu sahədə hər bir sözə diqqət etməlidirlər”.

A. Həsrət təklif edib ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin strukturu genişləndirilməlidir. Burada da məqsəd informasiyaların vaxtında mediaya ötürülməsini təmin etməkdir.

Xatırladaq ki, təlimin praktiki hissə poliqon şəraitində keçiriləcək. Təlimə 60 jurnalistin cəlb olunub.

Təlimdə “ekstremal jurnalistika” təcrübəsi, müxbirin qaynar nöqtələrdə (ekstremal hadisə yerinə) hazırlanması, geyimi, ləvazimatları, akkreditasiyası, hərbi hissəyə gəlişi, Silahlı Qüvvələrdə maddi-texniki təminatın qayda və xüsusiyyətləri, motoatıcı silahlarının taktiki-texniki xüsusiyyətləri, silahlarla davranma qaydaları, aviasiya, hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli, ballistik silahların taktiki-texniki xassələri izah olunacaq. Silah-sursat və hərbi texnika haqqında hansı halda və şəraitdə informasiya yayımına qanunla yol verilməsi, fövqəladə halların xarakteristikası, ekstrimal şəraitdə davranış metodları tədris ediləcək.

Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda düzənlənəcək praktiki təlimdə döyüş şəraiti imitasiya olunacaq. Burada jurnalistlər düşmənlə təmas səhnəsi ilə ümumi tanışlıq, dyüşən tərəflərin imkanları, tapşırıqları və fəaliyyət növləri, döyüş səhnəsində mümkün təhlükələr, ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplama zamanı müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən,gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan qorunma xüsusiyyətləri, gecə müşahidə təlimi, biokimyəvi təlim, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydaları öyrədiləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş