Hərbi sahədən yazan jurnalistlər üçün təlim kursu yekunlaşıb: Müdavimlərə diplomlar verilib

Bu gün “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi-ekstremal jurnalistikada qoyulan tələb və davranış qaydaları” layihəsi çərçivəsində keçirilən təcrübə poliqon kursunun iştirakçılarına sertifikatlar təqdim olunub.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, layihə çərçivəsində 8 gün ərzində 54 seminar keçirilib və seminarlara Müdafiə Nazirliyinin 40-ya yaxın eksperti iştirak edib.

Jurnalistlərin hərbi təcrübəsinin artırılması baxımından təlimin əhəmiyyətini vurğulayan Ə. Amaşov deyib ki, kursdan sonra hərbi sahədən yazan jurnalistlərin eyni səhvləri təkrar etməyəcəyinə əmindir: “Hesab edirəm ki, Azərbaycan jurnalistikasında ciddi problemlərdən biri ixtisaslaşma ilə əlaqədardır. Ancaq bu kursdan sonra hərbi sahədən yazan tam ixtisaslaşmış jurnalistlər olacaq”.

Sonra kursun gedişi ilə bağlı videoçarx nümayiş etdirilib.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxışında təlimin hərbi jurnalistlərin formalaşmasında xüsusi rolu olduğunu qeyd edib.

Onun sözlərinə görə, ordu haqqında cəmiyyətə düzgün informasiyanın verilməsində jurnalistlərdən çox şey asılıdır: “Təbii ki, orduda qüsurlar da var. Amma son iki ildə aparılan islahatlar öz faydasını verir. Ordu haqqında cəmiyyətə doğru və dürüst informasıyanın verilməsi olduqca önəmlidir. Bunun üçün jurnalistlərdən çox şey asılıdır. Çünki cəmiyyətdə orduya inamının formalaşmasında jurnalistlərin rolu böyükdür. Bundan sonra da Müdafiə Nazirliyi bu kimi tədbirlərə dəstək verməyə hazırdır”.

Jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli də təlimin əhəmiyyəti barədə çıxış edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı da çıxışında bildirib ki, təlimdə jurnalistlərin qazandığı təcbürə öz bəhrəsini bir müddət sonra verərək və qısa müddətdə praktiki olaraq həyata keçiriləcək.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu tipli layihələri dəstəkləyir və davamlı olmasını arzulayır. Sonda təlimdə iştirak edən jurnalistlər sertifikatlarla mükafatlandırılıb.

Layihənin rəhbəri Əlisafa Mehdiyev deyib ki, jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Məqsəd jurnalistin düzgün informasiya alıb, cəmiyyətə çatdırılmasıdır.

O, bu layihənin həyata keçirilməsində əməyi olan aidiyyatı qurumlara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, təlim kursu “Dinc Dünya” Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Müdafiə Nazirliyi, Mətbuat Şurası və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dəstəyi ilə həyata keçirilib.

Təlimdə “ekstremal jurnalistika” təcrübəsi, müxbirin qaynar nöqtələrdə (ekstremal hadisə yerinə) hazırlanması, geyimi, ləvazimatları, akkreditasiyası, hərbi hissəyə gəlişi, Silahlı Qüvvələrdə maddi-texniki təminatın qayda və xüsusiyyətləri, motoatıcı silahlarının taktiki-texniki xüsusiyyətləri, silahlarla davranma qaydaları, aviasiya, hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli, ballistik silahların taktiki-texniki xassələri izah olunacaq. Silah-sursat və hərbi texnika haqqında hansı halda və şəraitdə informasiya yayımına qanunla yol verilməsi, fövqəladə halların xarakteristikası, ekstrimal şəraitdə davranış metodları tədris edilib.

Müdafiə Nazirliyinin Qaraheybət poliqonunda düzənlənəcək praktiki təlimdə döyüş şəraiti imitasiya olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş