Hərbi toplanışlardan yayınanlar 50 manat cərimə olunacaqlar

Səfərbərlik Xidməti hərbi toplanışlarla bağlı vətəndaşlar arasında izahat işləri aparır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlar arasında hərbi toplanışlarla bağlı maarifləndirmə tədbirləri keçirir.

Bu barədə “AzeriDefence.com” saytına SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətdən bildirilib ki, hərbi vəzifəlilər qurumun rayon şöbələrinə çağırılır. Onlara toplanışların məqsədi və elan edilən toplanış çağırışlarına gəlmələrinin vacibliyi izah olunur.

SHXÇDX-dən bildirilib ki, toplanışlara qatılmaqdan yayınan hərbi vəzifəlilərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəzalar tətbiq ediləcək və onlar 50 manat məbləğində cərimə olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.3.-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 350-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -xəbərdarlıq edilir və ya 50 (əlli) manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 354.3-cü maddəsində göstərilən əməl növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş