Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində güllə atıcılığı yarışına yekun vurulub – FOTOLAR

Bu gün “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər arasında təşkil etdiyi “Vətənə əsgər olaq!” devizi altında kiçik çaplı silahdan güllə atıcılığı üzrə yarışın Bakı şəhər birinciliyinə yekun vurulub.

Cəmiyyətin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, komandalara namizədlər 8 gün ardıcıl davam edən seçmə yarışlar çərçivəsində müəyyən olunub. Cəmiyyətin Sabunçu, Xətai, Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli filiallarının 300 nəfər müdavimi seçmə mərhələyə cəlb edilib və nəticədə ən yüksək atış qabiliyyətinə malik 5 nəfərlik tərkibdə yaradılan 10 komandanın silahları Bakı şəhər birinciliyi uğrunda hədəfə tuşlanıb.

Cəmiyyətin sədri Şahvələd Əliyev yarışı açıq elan edərək, komandalara uğurlar diləyib və yarış finalının məhz bu gün, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən müdavimlər arasında və “Vətənə əsgər olaq!” devizi altında təşkilinin təsadüfi olmadığını, bu günün məhz vətənpərvərliklə-müstəqilliyin vəhdət təşkil etdiyi gün olduğunu bildirib.

O, artıq hər bir Azərbaycan vətəndaşının ümummilli liderin qurduğu və Ali Baş Komandanın möhkəmləndirdiyi nizamlı, qüdrətli və peşəkar orduya malik müstəqil dövlətimizdə layiqli həyat tərzi yaşadığını da deyib.

Şahvələd Əliyev Cəmiyyətin həyata keçirdiyi işlərə toxunaraq qeyd edib ki, xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı ilə yanaşı hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması da fəaliyyətin əsasını təşkil edir.

Daha sonra Cəmiyyətin sədri bildirib ki, belə yarışlar müdavimlərin çağırışaqədərki hazırlıq səviyyəsini yoxlamaq və orduya töhfə verə biləcək ən sərrast atıcıları aşkara çıxaracaq.

O əlavə edib ki, rəhbəri olduğu Cəmiyyət ordunun yaxın köməkçisidir və hərbi vətənpərvərliyin məktəbi funksiyasını daşıyır.

Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin Bakı şəhəri Nizami rayon filialının komandası 128 balla qalib gələrək güllə atıcılığı üzrə Bakı şəhər birincisi adına layiq görülüb.

Sabunçu rayon filialının komandası 124 balla 2-ci, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 123 balla 3-cü nəticə göstərib.

Komandalara və ən yüksək bal toplamış komanda üzvlərinin şəxsi birinciliyində fərqlənən iştirakçılara Cəmiyyətin diplomu, medal və qiymətli hədiyyələr verilib.

Bundan əlavə Sabunçu rayon filialının müdavimi Zeynalov Seymur Ceyhun oğlu 300 nəfər müdavim arasında “ən sərrast atıcı” Fəxri diplomuna layiq görülüb.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

IMG_3236

IMG_3285

IMG_3324

IMG_3331

KATEQORIYA:
Bu xəbəri paylaş