Hərbi zavodda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin birinci müavini Yaqub Eyyubov Komissiyanın sədri, müdafiə sənayesi naziri Yavər Camalov, müdafiə naziri Zakir Həsənov, Baş prokuror Zakir Qaralov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədəd Quliyev, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, səhiyyə nazirinin müavini Abbas Vəlivəyov və Şirvan şəhəri icra hakimiyyətinin başçısı Mərdan Camalov komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdimək və həyata keçirmək, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etmək, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Baş Prokurorluğa isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirmək tapşırığı verilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş