“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

“AzeriDefence”nin “Trend” agentliyinə istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib ki, Mərkəz Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənc nəsilə çatdırılması, gənclərin tarixi keçmişinə bağlılığı, vətənpərvər ruhda böyüməsi ilə bağlı Heydər Əliyev məktəblərinin yaradılmasına başlayıb. Layihə çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev və Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayon “Asan xidmət” mərkəzində Heydər Əliyev və İncəsənət Məktəbi yaradılıb. Heydər Əliyev gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışıb, Azərbaycan sərhədlərini qarış-qarış gəzib, Milli Sərhəd Strategiyasını yaradıb.

Qeyd edək ki, “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsinə 2014-cü il dekabrın 10-da start verilib. Mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin yaşadılması, ümummilli liderin Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.

Seminarda çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin ya­ranması, formalaş­ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə ümummilli liderin adı ilə bağlıdır. Sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstə­qil­lik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir:

“Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesab­lanmış uzaqgörənlikdən qay­naq­lanması da bir həqiqətdir. Tarixə nəzər salaq – SSRİ dövründə silahlı qüvvələrdə, Sər­həd Qoşun­ların­da milli kadrların xidməti inkişafına qeyri-rəsmi məh­dudiyyətlər ya­ra­dıl­dığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komi­təsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına ulu öndər tərəfindən xü­susi diqqət yetirilib, yüksək vəzifələrə irəli çəkilmələri təmin olun­ub. Belə ki, 1967-ci ilə qədər milliy­yətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov “pol­kovnik” rütbəsində olduğu halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərar­larından biri də SSRİ Sər­həd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qo­şun his­sə­­sinin Bakıda yaradılması olub”, – deyə E. Quliyev qeyd edib.

E.Quliyev vurğulayıb ki, milli silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının pe­şəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müs­təs­na əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçı­van­ski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hər­bi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar ye­tişdirmək məqsədilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hər­bçi hazırlamış, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” kimi tanınan bu təhsil oca­ğının milli ordu quruculuğunda danılmaz xidmətləri var.

E.Quliyev bildirib ki, ümummilli liderin 1993-cü ildə Azərbaycan rəh­­bərliyinə qayıdışından sonra bü­tün sahələrdə olduğu kimi Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. İlk vaxtlar təcrübə­siz­lik, ixtisaslı zabitlərin çatışmazlığı çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər sərhədçi peşəsinə yiyə­ləndilər. Ali Baş Komandanın çağırışı ilə sərhədçilərin böyük bir his­səsi könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azad edil­məsi uğrunda döyüşlərə yollandı. Sərhədçilərdən ibarət xüsusi təyinatlı tabor Ağdərə istiqamətində mərdliklə vuruşdu.

E.Quliyev bildirib ki, müstəqillik yollarında uğurla addımlayan dövlətimizə qarşı yönəl­miş dövlət çevrilişi cəhdlərinin qarşısının alın­­­ma­sında da Azər­baycan sərhədçiləri Ali Baş Komandana və hərbi anda sa­diqlik nümayiş etdirdilər:

“Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəs­tələri yaradıldı, şəxsi heyətin dö­yüş hazırlığının yük­səldilməsi və qoşunların maddi-texniki təmina­tının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd avia­si­yasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşı­laşdırılması üçün zəruri baza yaradıldı. Həmin dövrdə dahi öndərin siyasi məharəti və qətiyyətli möv­qeyi nəticəsində MDB-nin xarici sərhədlərinin birgə qorunma­sı adı altında əcnəbi sərhəd mühafizə qüvvələrinin ölkə ərazisində yenidən yerləşdirilməsinin qarşısı alındı və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya nümayiş etdirildi”.

General-polkovnik xatırladıb ki, Heydər Əliyev 2002-ci ilin iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidentinə birbaşa tabe olan, daha çevik və effektiv dövlət orqanının – Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb:

“Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidmətinə yeni vəzifələr tapşırılıb və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlandı”.

E.Quliyev bildirib ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avro­pa miqyasında aparıcı mövqelərə çıxıb.

General-polkovnik E.Quliyev qeyd edib ki, bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə kifayət qədər gücü var: “Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər Ermənistan bu prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Ali Baş komandan cənab İlham Əliyevin dediyi kimi, Ermənistan sülh prosesindən yayınsa, daşı daş üstdə qalmayacaq. Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq”.

Qeyd edək ki, elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun fəal gəncləri də izləyiblər.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş