HHQ-nin Qərargah rəisi: Azərbaycan ordusu xüsusi əməliyyatlara başlayıb

HHQ-nin Qərargah rəisi: Azərbaycan ordusu xüsusi əməliyyatlara başlayıb

Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi.

Azeri Defence saytının məlumatına görə, bunu Hərbi Hava Qüvvələri (HHQ) komandanının müavini, HHQ-nin Qərargah rəisi, general-mayor İkram Əliyev bu gün keçirilən brifinqdə deyib.

İkram Əliyev bildirib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01:00 radələrində 2 ədəd, səhər 08:30 radələrində 1 ədəd olmaqla, “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib.

“300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilərdisə Bakıya da çatardı. Kəşfiyyatdan əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub.

Ermənistana məxsus olan operativ taktiki raket komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə qısa məlumat verəcəm. Operativ taktik raket kompleksi 9K72 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunub”, – deyə HHQ-nin Qərargah rəisi vurğulayıb.

General-mayor İkram Əliyev bildirib ki, 8K14 raketi ilə komplektləşdirilən 9K72 “Elbrus” operativ-taktiki raket kompleksi 1967-ci ildə silahlanmaya qəbul olunub. Kompleksin atış məsafəsi 50-300 km, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kq, doldurulmamış raketin çəkisi 2076 kq, uzunluğu 11164 mm, korpusun diametri 880 mm, stabilizatorlar arasında olan məsafə 1810 mm, kompleks çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdir. 8K14 raketi reaktiv maye mühərrikli, ayrılmayan döyüş hissəli, avtonom inersiya idarəetmə və qəza partlayış sistemli ballistik raketdir. Raketin partladıcı döyüş hissəsi 1 hektara qədər ərazidə döyüş texnikasını və şəxsi heyəti məhv etməyə qadirdir. Uçuş trayektoriyasının hündürlüyü minimum 24 km, maksimum 86 km-dir.

HHQ-nin Qərargah rəisi düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədəfə çatma imkanlarını da açıqlayıb: “Biz Ermənistanla sərhədyanı dövlətik. Onlar oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirmişdilər. Diqqətə çatdırmaq istəyirəm ki, hansı yerdən və hansı məsafəyə kimi Azərbaycan Respublikasına o raket yenə də atılsaydı, hara çata bilərdi.

Uzaq məsafəsi 300 km olan bu raket Bakının ətrafına düşə bilər və burada böyük infrastrukturlar da daxil olmaqla zərbələr endirə bilər. Həmin raket kompleksini məhv etməsəydik, maşınlar Dağlıq Qarabağ ərazisinə keçsəydi, bu raketin məsafəsi Bakını da ötə bilərdi. Ermənistan tərəfindən “Toçka-U” sistemindən buraxılan raket Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanında start mövqe tutaraq zərbə endirib. Bu, kəşfiyyatın apardığı məlumatlara əsaslanır.

Mülki yaşayış məntəqələrimizə atılan sözügedən ballistik raketlərin bir neçəsi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vaxtında aşkarlanaraq, havada məhv edilib. Amma effektiv mübarizə ondan ibarətdir ki, həmin ballistik raketlər və onun buraxıcı qurğuları aşkarlanaraq raketlər buraxılmazdan əvvəl yerində məhv edilsin, Azərbaycan ordusu da raketlərin buraxıcı qurğularına və onları dəstəkləyən infrastruktura qarşı müxtəlif növ kəşfiyyat və zərbə vasitələrindən istifadə edərək xüsusi əməliyyatlara başlayıb”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş