Hikmət Hacıyev: Münaqişənin həllinə Ermənistan qoşunlarının Azərbaycanın ərazilərini tərk etməsi ilə başlana bilər

Hikmət Hacıyev: Münaqişənin həllinə Ermənistan qoşunlarının Azərbaycanın ərazilərini tərk etməsi ilə başlana bilər

Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir. Ermənistan yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçir. Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir.

Azeri Defence saytı xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən brifinqdə səsləndirib.

“Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır. Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”, – deyə Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad edir: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.

KATEQORIYA:
Bu xəbəri paylaş