“Hisar-O” zenit-raket kompleksinin sınağı keçirilib – FOTO-VİDEO

ROKETSAN və ASELSAN şirkətlərinin birgə hazırladığı “Hisar-O” zenit-raket kompleksinin atış testi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində xəbər yayıb.

Orta yüksəklikdə hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Hisar-O” zenit-raket kompleksinin atış testlərinin uğurlu keçdiyi bildirilib.

“Türk mühəndislərinin milli imkanları hesabına yaradılan “Hisar” zenit-raket kompleksi test atışlarında 100 faiz uğurlu nəticə göstərdi”, – deyə Nazirlik qeyd edib.

Testlərdə Türkiyənin müdafiə naziri Fikri İşıq, müdafiə sənayesi katibi İsmail Dəmir, Silahlı Qüvvələrin, ASELSAN və ROKETSAN şirkətlərinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, “Hisar-O” kompleksinin komanda-kontrol, radar, arayıcı başlıqlar və atəş kontrol sistemləri ASELSAN, raket və buraxıcı ROKETSAN, raketlərin döyüş başlığı və batareyası TÜBİTAK SAGE, informasiya əlaqəsi “Meteksan Savunma” və ASELSAN HBT qrupu, Link-16 proqram yazılımı isə MİLSOFT şirkəti tərəfindən hazırlanıb. “Hisar-O” kompleksində ASELSAN-ın “Qalxan” radarının tətbiqi nəzərdə tutulur. “Hisar-O” raketinin mənzili 25 km-dir.

“Hisar” sistemində 3 fərqli çalışma rejimi mövcuddur. Birinci, maşın avtonom rejimdə bütün funksiyaları yerinə yetirir. Digər rejimdə 3 maşın qrup halında çalışır. Üçüncü rejimdə isə erkən xəbərdarlıq sistemi ilə birlikdə fəaliyyət göstərir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş