Hollandiyanın məşhur “Damen” tərsanəsində korrupsiya faktları aşkarlanıb

Ölkənin Antikorrupsiya Agentliyi şirkətin xarici ölkələrdə fəaliyyəti zamanı rüşvət hallarını araşdırır

Hollandiyanın “Damen Shipyards” (Damen Tərsanəsi) şirkətində korrupsiya faktları ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinə başlanılıb.

“AzeriDefence”nin “Reuters”ə istinadən verdiyi məlumatına görə, Hollandiya Maliyyə Nazirliyinin Antikorrupsiya Agentliyinin açıqladığı xəbərdə bildirilib ki, ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələrindən təşkil olunmuş istintaq qrupu 2016-cı ilin yanvarın 16-da “Damen Shipyards” şirkətində xarici ölkələrlə – dövlət qurumları ilə rüşvət hallarının araşdırılmasına dair təhqiqata başlayıblar.

Bir neçə gün əvvəl isə istintaqçılar şirkətin Qorinxemdə yerləşən baş ofisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Reyd zamanı istintaq qrupunun nümayəndələri şirkətə məxsus bir sıra sənədləri dəlil-sübut olaraq götürüblər.

Antikorrupsiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Valentine Hoen deyib ki, şirkətin bir sıra əməkdaşları istintaqa cəlb olunub, əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Lakin hələlik iş üzrə saxlanılan yoxdur.

Məlumatdao da qeyd olunub ki, ötən ilin martında Dünya Bankı “Damen Shipyards” şirkəti ilə əməkdaşlığına son qoyub. Bankdan bildirilib ki, buna səbəb Qərbi Afrika Regional Balıqçılıq Proqramı çərçivəsində həyata keçirilən gəmitikinti işlərində – tenderdə korrupsiya hallarının aşkarlanması olub.

Qeyd edək ki, “Damen Shipyards” Azərbaycan və Qazaxıstana da hərbi dəniz qüvvələrinin yenidən qurulması layihələrində iştirak üçün təkliflərini verib. Şirkət Azərbaycana və Qazaxıstana “Sigma” tipli korvetlərinin satışını təklif edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş