Horadiz sərhəd dəstəsində “Valideyn Günü” keçirilib

Mart ayının 15-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, şəhid, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Tahir Bədəlovun adını daşıyan sərhəd zastavasinda “ Valideyn Günü” keçirilib.
“AzeriDefence”nin məlumatına görə, sərhəd dəstəsi rəhbərliyinin və sərhəd zastavasinda xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə öncə qonaqlara hərbi hissə və sərhəd zastavası barədə ümümi məlumatlar verilib. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində çıxış edən Horadiz sərhəd dəstəsinin rəisi polkovnik-leytenant İlham Babayev keçirilən tədbirin məqsədi, Vətən sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, əldə olunmuş uğurlar barədə məlumat verib.

Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasinda yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirib, sərhədçi əsgərlərə öz tövsiyələrini veriblər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb. Övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr, valideynlərə «Təşəkkür məktubları» təqdim edilib.

Qeyd edək ki, DSX-də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərin rolunun artırılması məqsədilə hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına böyük önəm verilir və bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş