Hərbi ekspert: “Azərbaycanda müdafiə sənayesinin inkişafı üçün güzəştlər tətbiq olunmalıdır”

Müdafiə sənayesinin inkişafına təsir göstərən əsas məqamlardan biri, əslində birincisin dövlətin bu sahəyə xüsusi güzəştlər tətbiq etməsi və bu sektorda dövlət və qeyri-dövlət müəssisələrinin fəaliyyətini stimullaşdırmaq üçün liberal qanunvericilik bazasının yaradılmasıdır.Bir çox dövlətlər məsələyə bu prizmadan yanaşaraq müdafiə sənayesini inkişaf etdirməklə yanaşı milli hərbi qüdrətini də gücləndirməyə nail olub. Bunu həm bizə yaxın Türkiyə, həm də keçmiş sosialist blokuna üzv olan Şərqi Avropa ölkələrinin timsalında görmək olar.

Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanan ölkələrin də bir çoxu müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirməyə başlayıb. Ukrayna, Belarus, Estoniya, Latviya, Qazaxıstan, Gürcüstan, habelə Ermənistan bu sahədə bir sıra addımlar atmağa çalışıblar. Sektorun üzərində dövlət nəzarəti olmaqla özəlləşməyə açılması, eləcə də xarici investisiya cəlbi, vergi, gömrük, komunnal xidmətlərdə stimullaşdırma tədbirləri, yeni məhsulların yaradılmasına dövlət dəstəyinin tətbiqi adıçəkilən ölkələrin bir çoxunda tətbiq olunmaqdadır. Bəzi qonşu ölkələr isə bu istiqamətdə köklü yeniliklərə start verməyə hazırlaşırlar.

Ermənistan və Gürcüstan hərbi sənayenin inkişafında yeni proqramlar hazırlayır

Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan bu ildən “Hərbi sənayenin inkişafı haqqında qanun” qəbul edərək, ölkənin müdafiə sənayesinin inkişafına stimul vermək niyyətini rəsmi şəkildə bəyan edib. Yeni qanuna əsasən, dövlət hərbi-elmi tədqiqatları və məhsulların yaradılması layihələrini maliyyələşdirməyi öhdəsinə götürüb. Adıçəkilən qanuna əsasən, Ermənistan müdafiə sənayesi sektoru Müdafiə Nazirliyinin tərkibindən çıxarılaraq, yeni hərbi sənaye icra orqanı olan Dövlət Hərbi Sənaye Komitəsinin yaradılması planlaşdırır. Ermənistanın yeni qanunvericiliyi ölkədə istehsal olunan məhsulların analoqlarının xarici ölkələrdən idxalına icazə vermir. Bu da yerli hərbi sənayenin dəstəklənməsi məqsədi daşıyır. Bundan başqa, dövlət xammalın müdafiə sənaye müəssiələrinə satışını güzəştli şərtlərlə həyata keçirilməsi, habelə bu müəssisələrə enerji təchizatına güzəştlərin tətbiqi nəzərdə tutulur. Banklar tərəfindən hökumətin zəmanət məktubu əsasında ən aşağı faizlərlər kreditlər verilməsi qeyd olunur. Bundan başqa, həm özəl, həm də dövlətin tabeliyindəki müəssisələrə hərbi qurumlar üçün müstəqil şəkildə təkliflər vermək, təqdimatlar keçirmək səlahiyyətləri də verilib.

Gürcüstanda da demək olar ki, eyni güzəşt və imtiyazlar mövcuddur. “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzindən “AzeriDefence”yə bildiriblər ki, xarici ölkələrdən böyük həcmli satınalmalar, regionun digər dövlətləri ilə müqayisədə Avropa və Amerikanın Gürcüstana silah satışı üçün “qapıları açması”, ABŞ-ın “Öyrət və təchiz et” proqramı çərçivəsində göstərdiyi təmənnasız yardımlar Gürcüstanda milli hərbi sənayenin inkişafını ləngidib. 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra, Rusiyanın qəzəbindən çəkinən Avropa ölkələrinin bir çoxunun tətbiq etdiyi embarqo müharibədən ağır itkilərlə çıxan rəsmi Tiflisə ordunun təchizatında milli hərbi sənayenin vacibliyini göstərdi. 2009-cu ildə Gürcüstan Müdafiə Nazirliyinin tabeliyində “Delta” Hərbi-Elmi Mərkəzinə milli hərbi sənayenin yaradılması həvalə olunub. Hal-hazırda “Delta”nın nəzdində 6 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bu mərkəzlərdə yeni məhsulların yaradılması, sınaqları və istehsalı aparılır. 2010-cu ildə 432 milyon dollarlıq hərbi büdcədən hərbi-texniki tədqiqatlara 2.42 milyon dollar, 2011-ci ildə 443 milyon dollarlıq hərbi büdcədə 11.18 milyon dollar vəsait yönəldilib.

Gürcüstan və Ermənistan təcrübəsinə əsasən, xarici ölkələrdən satın alınan hərbi təyinatlı məhsulların və texnikaların təmir-baxım və loqistik dəstək xidmətlərinin yerli müəssisələrdə həyata keçirilməsi vacib şərtdir. O cümlədən, bəzi satın alınan məhsulların müəyyən detallarının yerli müəssisələrdə istehsal edilməsi xarici şirkətlər qarşısında şərt olaraq qoyulur. Subsidiyaların verilməsi, müəyyən vergilərdən azad olma, xarici sərmayənin, şirkətlərin cəlb edilməsi, özəl müəssisələrin yaradılması və fəaliyyətinin dəstəklənməsi kimi güzəştlər də mövcuddur.

Qısa müddətdə Azərbaycan müdafiə sənayesinin böyük uğurlar əldə etdiyini deyən hərbi ekspert Üzeyir Cəfərov “AzeriDefence”yə bildirib ki, Azərbaycan hökuməti xarici ölkələrin təcrübəsindən də bəhrələnməklə uğurların sayını daha da artıra bilər.

Ü. Cəfərov onu da qeyd edib ki, hazırda Azərbaycan müdafiə sənayesi sektoru daxili təlabatın hamısını qarşılaya bilmir. Bunun da obyektiv səbəbləri var: “Biz belə olan halda bəzi komponentləri kənardan gətiririk. Bu da müəyyən xərclər bahasına başa gəlir. Hesab edirəm ki, müdafiə sənayesi sektorunda işin stimullaşdırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var”.

Ekspertin sözlərinə görə, inkişafa nail olmaq üçün liberal qanun qəbul olunmalıdır: “Bu da kənardan investisiya qoyuluşuna zəmin yarada bilər. Bütün vasitələrdən istifadə etməklə yerli müəssisələrdə məhsulun istehsal həcmini artıra bilərik. Məsələn, yaxın xarici dövlətlərdə müdafiə sənayesinin inkişafı üçün liberal qanunvericiliyin tətbiqi məsələyə ağıllı yanaşmadır. Bu ölkəyə küllü miqdarda qazanc da gətirə bilər. Hesab edirəm ki, parlament seçkilərindən sonra yeni formalaşan Milli Məclis bu məsələyə baxmalı və qanun qəbul etməlidir. Müdafiə sənayesinə digər ölkələrdə olduğu kimi vergi və investisiya qoyuluşunda güzəştlər tətbiq olunmalıdır. Biz buna məhkumuq”.

Ü. Cəfərov bildirib ki, Azərbaycan artıq müstəqil ölkədir və bütün mümkün imkanlardan istifadə edib müdafiə sənayesini inkişaf etdirməlidir. Bunun üçün ölkənin iqtisadi imkanları mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş