“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC rayon filiallarını yeniləyir

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialının inzibati binasının yenidənqurmadan sonra açılışı olub. “AzeriDefence”nin məlumatına görə, açılış mərasiminə qatılan SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimova binada yaradılan şəraitlə tanış olub. Çağırışçıların müxtəlif ixtisaslar üzrə hazırlanması şəraitinin yaxşılaşdırılması üçün öz tövsiyələrini verib.

Məktəbin yenidənqurmadan sonra açılışını ordu quruculuğu istiqamətində növbəti addım adlandıran A. Rəhimov isə hazırda digər filialların və məktəblərin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını vurğulayıb.

Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, ikimərtəbəli tədris filialı yenidən qurulub. Sinif və yardımçı otaqlar, atıcılıq tiri, zallar tam yenilənib. Filialda təhsil alacaq müdavimlərin daha mükəmməl hazırlığı məqsədi ilə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz edilib. sürmə təlimi üçün Rusiyadan iki ədəd təlim trenajoru alınıb, yeni laboratoriya, kompüter və trenajor sinifləri yaradılıb.

Açılışdan sonra jurnalistlərin suallarını cavablandıran A. Rəhimov bildirib ki, SHÇDX hərbi xidmətə çağırış sistemində informasiya texnologiyalarının tətbiqi və vahid informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. İyunun 30-dan başlayaraq, Azərbaycanda ilk dəfə olaraq hərbi xidmətə çağırılan vətəndaşlar SHÇDX-nin internet saytına (www.seferberlik.gov.az) özləri haqqında məlumatları daxil etməklə, təyin olunduqları hərbi hissələri öyrənə biləcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş