Hulusi Akar: “Azərbaycan-Türkiyə hər cür təhdid və təhlükəyə qarşı bərabər olacaq”

Hulusi Akar: “Azərbaycan-Türkiyə hər cür təhdid və təhlükəyə qarşı bərabər olacaq”

Türkiyə ilə Azərbaycan iki ayrı dövlət olmasına baxmayaraq eyni millətin övladlarıdır.

Azeri Defence saytının “Anadolu Ajansı”na istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Mən və dostlarım ikinci vətənimiz olan Azərbaycanda olmaqdan məmnuniyyət və həyəcan duymaqdayıq. Tariximiz, dilimiz, hikmətimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Aramızda heç bir fərq yoxdur. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər əsl qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlıq bizim üçün əvəzedilməzdir”, – deyə Hulusi Akar vurğulayıb.

Milli Müdafiə naziri bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır: “Bundan heç kimin şübhəsi olmasın. Geopolitik problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir.

Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və istiqrarın qarantı olmaya davam edəcək”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş