Hulusi Akar: “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olanı bundan sonra da edəcəyik”

Hulusi Akar: “Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olanı bundan sonra da edəcəyik”

“Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”.

Azeri Defence saytının məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün Prezident İlham Əliyevin qəbulunda deyib.

Nazir Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub: “1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var”.

Hulusi Akar qeyd edib ki, bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə iki ölkə arasında imzalanan strateji əməkdaşlıq sazişi var.

“Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik,” – deyə Türkiyənin Milli Müdafiə naziri bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş