“Hyundai Rotem” şirkəti Polşa Ordusuna K2PL tankını təklif edib

“Hyundai Rotem” şirkəti Polşa Ordusuna K2PL tankını təklif edib

Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti müasir К2 “Black Panther” tankının K2PL ixrac versiyasını nümayiş etdirib.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi məlumata görə, K2PL “Black Panther” tankı Polşanın Kielce şəhərində 8-10 sentyabr tarixlərində keçirilən MSPO-2020 XXVIII Beynəlxalq Müdafiə Sənayesi sərgisində təqdim edilib.

K2PL “Black Panther” tankı Polşa Silahlı Qüvvələrinin zirehli tank ehtiyaclarını qarşılamaq məqsədilə həyata keçirilən “Wilk” proqramı çərçivəsində Polşa Ordusuna təklif olunub. Hələ 2019-cu ildə Polşa Müdafiə Nazirliyinin K2 tankına olan böyük marağı barədə məlumat verilib.

Qeyd edək ki “Wilk” proqramı Polşa Milli Müdafiə Nazirliyi tərəfindən 2017-ci ildə başladılıb və Polşa Silahlı Qüvvələrinin 2035-ci ilə qədər texniki cəhətdən modernləşdirilməsi Planının son versiyasının prioritetlərindən biridir. Proqram çərçivəsində Polşa Ordusunun texnika parkında yer alan T-72M1 və PT-91 “Twardy” tanklarını əvəz etmək üçün təxminən 500 yeni tankın alınması nəzərdə tutulub.

Polşa Ordusunun silahlanmasında olan “Leopard 2” tanklarının modernləşdirilərək xidmətdə qalması planlaşdırılır. Proqramın Polşa müdafiə sənayesinin geniş iştirakı ilə həyata keçiriləcəyi və tankların beynəlxalq əməkdaşlıq çərçivəsində Polşada istehsal ediləcəyi güman edilir. Bununla birlikdə, proqram hələ araşdırma mərhələsində qalır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş