İDRAK şirkətindən pandemiyalara qarşı “AntiVİRUS” total müdafiə sistemi

İDRAK şirkətindən pandemiyalara qarşı “AntiVİRUS” total müdafiə sistemi

“İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət ABDULLAYEV: Hazırladığımız “AntiVİRUS” sistemi ölkənin bu və digər epidemiyalara qarşı mərkəzləşdirilmiş müdafiəsini təmin edə bilər

İnformasiya kommunikasiya texnologiyaları sektorunda 30 illik təcrübəsi olan “İdrak Texnoloji Transfer” MMC şirkəti fəaliyyət göstərdiyi dövrdə güc strukturları üçün müxtəlif layihələr reallaşdıraraq öz sahəsində Azərbaycanın aparıcı şirkətlərindən birinə çevrilmişdir. Son bir neçə ildə müdafiə sənayesi sahəsində də araşdırma və tədqiqatlara başlayan “İdrak Texnoloji Transfer” MMC 2019-cu ilin dekabr ayında Bakıda keçirilmiş BAKUTEL-2019 sərgisində ordu və güc strukturları üçün hədəflənən yeni innovativ məhsullarını ilk dəfə nümayiş etdirdi. Şirkətin prezidenti Hikmət Abdullayevlə müsahibəmizdə “İdrak Texnoloji Transfer” MMC-nin fəaliyyət istiqamətləri, müdafiə təyinatlı proqramları və üzərində işlədiyi,  “AntiVİRUS” total müdafiə layiihəsi barədə məlumat almağa çalışdıq.

Azeri Defence: Hikmət müəllim, “İdrak”ı respublikada daha çox İKT həlləri təqdim edən bir şirkət olaraq tanıyırlar. Amma şirkətinizlə tanışlıq zamanı real potensialın daha böyük olduğunu görmək mümkündür. Ona görə də söhbətimizin girişində sizdən “İdrak Texnoloji Transfer” şirkəti və fəaliyyət istiqamətləri barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

İDRAK şirkəti tərəfindən Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qurulmuş E-Gate tipli keçid sistemi

Hikmət ABDULLAYEV: “İdrak” MMC şirkəti 1990-cı ildə təsis edilib, 2003-cü ildə isə “İdrak Texnoloji Transfer” adı ilə qeydiyyatdan keçib. Şirkətimizin əsas fəaliyyət istiqaməti müxtəlif mürəkkəblik səviyyəsinə malik informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və müşayiətidir. Bu gün “İdrak Texnoloji Transfer” şirkəti aparat və proqram təminatının işlənib hazırlanması, istehsalı, sistem inteqrasiyası, texniki xidmət və dəstək göstərilməsi sahəsində həllər təklif edir. Məqsədimiz sifarişçilərə ideyadan məhsula qədər bütün mərhələlərini birləşdirən kompleks xidmətləri təqdim etməkdir.

Şirkətimiz yarandığı gündən dövlət qurumları ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində sürücülük vəsiqələrinin verilməsi sistemi, nəqliyyat vasitəsi texniki pasportunun verilməsi, xidməti vəsiqələrin verilməsi sistemləri hələər tətbiq etmişdir. 2000-ci illərin əvvəlindən “İdrak Texnoloji Transfer” şirkəti, İKT bazarında, mürəkkəb informasiya sistemlərinin və proqram təminatlarının layihələndiricisi kimi çıxış etməyə başlamışdır.  İDRAK, bu bazarda, 2014-cü ildən müxtəlif avadanlıqların dizaynı, modelləşdirilməsi və prototipinin hazırlanması; 2016-cı ildən elektron qurğuların layihələndirilməsi; 2018 ildən isə həmçinin istehsalçı kimi çıxış etməyə başlamışdır.

“Mobil Sərhədçi” sisteminin daşınan cihazı

Şirkətimiz innovativ texnologiyaların yaradılması və tətbiqinə fokuslanıb. Bu gün İDRAK, Azərbaycanın bir çox dövlət strukturları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən informasiya texnologiyalarının tətbiqi sahəsindədir. Ötən dövrdə hazırladığımız sistemlər Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər qurumların istifadəsində yer almışdır.

Şirkətimizin ən böyük layihəsi “İAMAS” dediyimiz, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemidir. Bu sistemə çox sayda alt sistemlər, o cümlədən Milli şəxsiyyət vəsiqələrinin verilməsi sistemi (e-ID Card), elektron Pasportların verilməsi sistemi (e-Passport), Sərhəd Nəzarəti Sistemi, Vizaların verilməsi sistemi, Biometrik verilənlər bankı, Ölkəyə qayıdış sertifikatlarının verilməsi sistemi, Dənizçinin identifikasiya sənədinin verilməsi sistemi kimi altsistemlər daxildir və qarşılıqlı fəaliyyət göstərirlər. Bu gün İAMAS Azərbaycanda əhatəsinə və mürəkkəbliyinə görə ən böyük və tamamilə milli dövlət informasiya sistemdir. Zaman-zaman bu sistemi təkmilləşdirir və müşaiyət edirik.

“Şans” adı verdiyimiz, “Azadlığı məhdudlaşdırılmış şəxlərə nəzarət sistemi” (eBraslet), nəzarətdə olan şəxslərin məsafədən fasiləsiz izlənməsi üçün istifadə olunur.

“Təhlükəsiz region” proqram-aparat kompleksi müxtəlif nazirlik və idarələr üçün coğrafi informasiya sistemi (CİS) əsasında təhlükəsizlik, monitorinq və idarəetmə üzrə çoxsəviyyəli sistemlərin yaradılması üçün nəzərdə tutulub. “Təhlükəsiz region” sistemi əsasında regional dispetçer mərkəzləri, dövlət orqanlarının Situasiya mərkəzləri, regionların böhran vəziyyətlərində İdarəetmə mərkəzləri, nazirlik və idarələrin xüsusi dispetçer mərkəzləri yaradıla bilər.

Bizim diqqət yetirdiyimiz mövzulardan biri də CİS-in yaradılmasıdır. Müasir dövrdə CİS həm mülki, həm də hərbi sahədə mühüm önəm daşıyır. Aparıcı dövlətlər ölkənin müdafiəsi və təhlükəsizliyi üçün olduqca mühüm əhəmiyyət daşıyan bu tip sistemlərin milli olaraq yaradılmasına diqqət yetirirlər.

Hazırda müdafiə istiqamətli bəzi layihələrimiz var. Bunlar yaradılma mərhələsindədir. Layihələrimiz barədə müvafiq qurumlara fikirlərimizi çatdırmışıq.

Mən həmişə müxtəlif səviyyəli görüşlərdə, ölkəmizdə mövcud olan bir məsələni diqqətə çatdırmağa calışıram – Azərbaycan texnoloji özəl şirkətlərinin müdafiə sektorunda həyata keçirilən layihələrə cəlb olunmamaları” . İDRAK da daxil olmaqla, bu gün özəl sektorda fəaliyyət göstərən kifayət qədər şirkətlərimiz var ki, ordumuzun müasir sistem həlləri ilə təchizatında aktiv və ölkə üçün çox faydalı iştirak edə bilərlər. Dekabr ayında bəzi məhsullarımızı tanıtmaqla öz potensialımız və nə işlər görə biləcəyimiz mesajını verdik. Elə məhsullar var ki, onları bu gün gedib böyük vəsaitlər xərcləməklə xaricdən almamalıyıq. Özümüz layihələndirib, özümüz də istehsal etməliyik. Tam məsuliyyətlə deyirəm, Azərbaycan özəl sektoru bu məsələnin öhdəsindən gələ bilər. Bir daha qeyd etmək istəyirəm, söhbət tək İDRAK-dan getmir. Müxtəlif istiqamətlərdə ixtisaslaşmış digər şirkətlərimiz var.

Bu gün bu barədə çox danışılsa da, təəssüf ki, Azərbaycan şirkətləri ordunun, hərbi qurumların müdafiə layihələrində yaxına buraxılmır.  Rusiyanın, Türkiyənin, İsrailin, Belorusun, Ukrainanın şirkətləri buraxılır, özümüzünkülər yox! Əksər hallarda da arqument belə olur – “Biz bunu bacarmarıq”.

Mən isə təklif edirəm: texniki-tapşırıqlarını versinlər, biz öz məhsullarımızı, sistemlərimizi yaradaq, təqdim edək. Yoxsa yerli şirkətləri yaxına buraxmayıb, sonra da bacarmırlar demək doğru deyil.

Cənab Prezident dəfələrlə qeyd edib ki, innovativ məhsullara əsaslanan sənaye yaradılmalı, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bütün dünyada innovasiyalar üçün ən perspektiv sahə müdafiə sənayesidir.

Hesab edirəm ki, bu gün Azərbaycan silahlara və sistemlərə izafi pullar xərcləyir, alınan sistemlərin saxlanması, yenilənməsi üçün ilbəil tələb olunan xarici valyuta ölkədən çıxır, müdafiə qabiliyyətimiz isə “müvəqqəti” üstünlüklər qazanır.  Soruşa bilərsiniz – niyə “müvəqqəti”?  Cavab budur ki, texnologiyaların inkişaf sürəti o qədər yüksəkdir ki, bu gün baha qiymətlərlə aldığımız sistemlərin üstünlüyünü, qarşı tərəf çox ücuz, yeni texnoloji həllərlə heçə endirə bilər. Bunun qarşısını yalnız bir yolla ala bilərik – özümüzün güclü, yüksək texnoloji həllər verə bilən yerli potensialımızla!

Neft qiymətlərinin qeyri stabilliyi, pandemiya kimi müasir çağırışların iqtisadiyyata vurduğu zərbələr, bizi bu sahənin təcili modernizasıyanın aparılmasına gətirməlidir. Ölkə xarici valyuta xərclərinin kəskin azalmasına, qeyri-neft qazanclarının isə kəskin artmasına nail olmalıdır.

Yerli şirkətlərin müdafiə layihələrində iştirakının verəcəyi faydaları aşağıdakı kimi qruplaşdıra bilərəm:

  • müdafiə sənayesi həllərinin kifayət qədər ucuz başa gəlməsinə səbəb olacaq.
  • xaricdən asılılıq xeylı azalacaq. Yaratdığımız sistemlərin müşaiyyəti və inkişafı izafi valyuta xərclərinə səbəb olmayacaq.
  • texniki servis “ölkədaxili” olacaq. Hər hansı problemin həlli çox asanlıqla tapılıb  dərhal aradan qaldırılacaq. Bu gün xaricdən asılı olan dövlətlərin orduları bu tip problemlərlə üzləşir və əziyyət çəkirlər.
  • satış sonrası saxlanma, qulluq, yenilənmə və s. işlərə çəkilən xərclər xaricdən alınan sistemlərə çəkilən xərclərdən dəfələrlə ucuz olacaq.
  • xaricə beyin köçünün qarşısı alınacaq.
  • ordunun sifarişi ilə yaradılmış və təkmilləşdirilmiş sistemlərin gələcəkdə dost və müttəfiq dövlətlərə ixracı imkanları yaranacaq.

Hesab edirəm ki, Azərbaycan şirkətlərinə bu sahədə imkanlar yaradılsa, bir neçə il içində faydasını görə bilərik. Mürəkkəblik dərəcəsindən asılı olmayaraq, istənilən layihəni həyata keçirməyə imkanlarımız var.

Azeri Defence: Müasir hərbi əməliyyatları informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Müharibənin yeni bir istiqaməti də kiber müharibədir. Bu istiqamətdə sizin şirkətiniz hansı həlləri təklif edir?

Hikmət Abdullayev: Kiber müharibələr artıq bu gün gedir. Düşmənin idarəetmə sistemlərinin, rabitəsinin sıradan çıxarılması, məsafədən idarə oluna bilən silahların “susdurulması”, kəşfiyyat və əks kəşfiyyat və s. kimi istiqamətlərin inkişafını kompüter texnologiyalarsız təsəvvür etmək mümkün deyil.  Təssəvür edin ki, bizə tərəf atılmış raketı, digər bahalı raketlərimizlə vura bilərik, yaxud da idarəetməni ələ keçirib istiqamətini dəyişə bilərik.  Hansı daha ucuz və effektiv həll yoludur?

İnformasiya texnologiyaların hərbidə tətbiqinin milliləşməsi çox vacibdir. Həyati əhəmiyyətli, ölkənin müdafiəsi üçün zəruri olan informasiyanı hansısa xarici şirkətə necə həvalə edə bilərsən? Kim zəmanət verir ki, sənin informasiyanın bir nüsxəsi həmin sistemin alındığı ölkədə depolanmır?

İKT sektoru daim inkişaf edir, yenilənir. Kiber müharibələr də dünya miqyasında fasiləsiz davam edir. Bu sistemlər nə qədər xaricdən satın alınacaqsa, informasiyaların da xaricə sızıntısı da o qədər mövcud olacaq, təhlükəsizliklə bağlı suallar qalacaq.

Azeri Defence: Ötən il BAKUTEL sərgisində “İdrak” pilotsuz uçuş aparatlarının (PUA) müxtəlif tiplərini nümayiş etdirdi. PUA layihələriniz barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik. PUA seqmentində hədəfləriniz nələrdir?

Hikmət Abdullayev: Şirkətimiz tərəfindən ikisi sabit qanad və 3 multikopter tipli pilotsuz uçuş aparatı layihələndirilib, prototiplər yaradılıb və sınaqları davam edir. Sabit qanad PUA-mız VTOL (Vertical Take-Off and Landing – vertical qalxıb enə bilən) tiplidir. Bu PUA radar, LIDAR, multispectral kamera, gündüz və gecə kamerası, habelə aerofoto çəkiliş üçün kamera ilə təchiz oluna biləcək. PUA-nın fasiləsiz uçuş müddətinin 20 saata qədər olacağı gözlənilir.

Multikopter tipli dron və çoxrotorlu nəqliyyat dronumuz isə yüklərin bəlli məsafəyə nəqli, dağda və dənizdə axtarış-xilasetmə əməliyyatları üçün təyinatlandırılıb. Hazırda mövcud layihənin üzərində təkmilləşdirmə işləri davam edir. Düşünürük ki qısa müddətdə bu platformaların sınaqlarını tamamlayacayıq.

Azeri Defence: Sizin məhsullar arasında gücləndirilmiş GNSS cihazını gördük. Bu hərbi təyinatlıdır, yoxsa mülki?

Hikmət Abdullayev: GNSS cihazımız mülki təyinatlıdır. Sınaqlar zamanı baza stansiyalarla birlikdə santimetr dəqiqliyini, baza stansiyası olmadan isə 1 metr dəqiqlik əldə olundu. Bu bizi qane edir. Cihazın bazası onu hərbi standartlara uyğunlaşdırmağa imkan verir. Hərbi standartlı cihazın yaradılması tələbdən asılı olan məsələdir. Dünya dəyişir, silahlar dəyişir və müharibələrin siması da dəyişir. Silahlar dəqiq silahlar istiqamətində inkişaf edir. Burada da əsas rol naviqasiya, elektronika və proqramlaşdırmanın üzərinə düşür. Bizim sənaye də geci-tezi bu istiqamətə yönələcək. Bu labüddür.

Azeri Defence: “İdrak”ın milli sənaye tipli kompüter layihəsi vardı. Məhsulun yaradılma və sınaqları tamamlandımı?

Hikmət Abdullayev: Qeyd etdiyim kimi, əvvəllər şirkətimiz layihələndirmə, proqramlaşdırma və sistem inteqrasiyası ilə məşğul idi. Bir neçə il öncə istehsal şirkətinə çevrilmişik. Əvvəla onu deyim ki, mənim fikrim ondan ibarət olub ki, nəyisə təqdim ediriksə, onu özümüz layihələndirməyi öyrənməliyik. Şirkətimiz tərəfindən sənaye tipli kompüter layihələndirilib və “Intel® Atom” prosesoru üzərində öz ana platalarımızı yaratmışıq. İlk nümunələri istehsal elədik, sınaqdan çıxardıq. Sifariş olarsa, biz bunun seriyalı istehsalına başlaya bilərik. Əminliklə deyə bilərəm ki, yerli istehsalın yaradılması bu sahədə qiymətlərin əhəmiyyətli səviyyədə ucuzlaşmasına təsir göstərəcək.

Azeri Defence: “Mobil Sərhədçi” sisteminin yaradılması tamamlandımı?

Hikmət Abdullayev: “Mobil Sərhədçi” sistemi tamamlama mərhələsindədir. Mobil, funksional, geniş imkana sahib “Mobil Sərhədçi” qurğusu dövlət sərhədini keçən şəxslərin və nəqliyyat vasitələrinin nəzarət və qeydiyyat prosedurlarını yerinə yetirəcək, nəzarət-buraxılış məntəqələrinin əməkdaşlarını pasport və digər identifikasiya sənədlərindən mətn, biometrik və qrafik məlumatın oxunması və tanınması imkanı ilə təmin edəcək. Yüksək görüntü imkanına malik videokamera, barmaq izi skaneri və 8” sensor ekrana malik qurğu yığcam ölçü və yüngül çəkiyə malikdir. Qurğu sərhəd mühafizəsi ilə yanaşı polislərin əl terminalı, eləcə də əhalinin siyahıya alınması avadanlığı kimi də istifadə oluna bilər.

Hesab edirəm ki, cihazı yaxın vaxtlarda sınaqlara təqdim edəcəyik. Buna bənzər cihazlar dünyada mövcud olsa da bizim istədiyimiz və üzərində işlədiyimiz qurğu kimi çoxfunksiyalı və mükəmməl qurğu mövcud deyil. Əminəm ki, işləri tamamladığımızda biz dünyada analoqu olmayan, mükəmməl bir sistemi istifadəçilərimizə təqdim etmiş olacağıq.

Azeri Defence: Əldə etdiyimiz məlumatlara görə, layihələriniz arasında İT sistemlərin ağırlıq təşkil etdiyi “gələcəyin əsgəri” təchizatı da var.

Hikmət Abdullayev: Bəli. Belə bir layihə üzərində çalışırıq. Sadəcə məlum koronavirus pandemiyası digər işlər kimi bu layihədə də müəyyən ləngimələrə səbəb oldu. Düşünürəm ki, vəziyyət düzələrsə, sentyabr ayında Bakıda keçiriləcək ADEX sərgisində o sistemin ilk prototipini nümayiş etdirəcəyik.

AzeriDefence: Hikmət müəllim, koronavirus dönəmində “AntiVİRUS” adlı bir strateji əhəmiyyətli layihə hazırlamısınız. Bu layihənizdən bəhs edə bilərsinizmi?

Hikmət Abdullayev: Soyuq müharibədən sonra dünyada bioloji və bakterioloji silahlara qarşı hazırlıq səviyyəsi arxa plana keçdi.  Son illərin  H5N1 “quş qripi”, H5N5 “donuz qripi”, “Ebola”, atipik pnevmoniya və digər epidemiyalarını heç kim ciddi həyəcan siqnalı kimi  qəbul etməmişdi.  COVİD-19 virusunun elan etdiyi bu müharıbədəki “uğurları”nın əsas səbəbi də budur – dünya bu  müharibəyə hazır deyildi !!!

İDRAK şirkətinin “AntiVİRUS” sisteminin tərkibinə daxil olan ultrabənövşəyi dezinfeksiya lampaları

Bu gün bizim (yəni bütün ölkələrin) bu müharibədə müdafiəmiz, II Dünya müharibəsində mövcud olan “hava hücümündan müdafiə” sistemini xatırladır – düşmən təyyarələri şəhərin üzərindən uçaraq bombaları yağdırır, insanlar “hava həyəcanı” siqnalını eşıdən kimi zirzəmilərə, yeraltı qorunma yerlərinə, metro stansiyalarına və s. qaçıb gizlənirdilər. Hava hücumundan müdafiə sistemi isə 1-2 təyyarə vururdu, ya yox. Yalnız  radarların, radiolokatorların və raketlərin (yəni qabaqcıl texnologiyaların) tətbiqindən sonra vəziyyət dəyişməyə başladı. Bu gün bütün dünyanın qaçıb evlərdə gizlənməyi buna çox bənzəyir.

Bizim təklifimizin məğzi bundan ibarətdir – qaçıb gizlənməkdənsə müharibə eləmək lazımdır.

Ölkəmizin, müasir dövrün bu tip total çağırışlarına total cavabı olmalıdır və bundan sonra bu tip bəlalar məktəblərin bağlanmasına, istehsalın, turizmin, ticarətin, nəqliyyatın iflic vəziyyətinə düşməsinə gətirməməlidir.  Ölkəmizin hansı əhatədə yerləşdiyini də unutmamalyıq!  İnsanların sağlamlığı ilə bərabər, ölkə iqtisadiyyatına vurulan ziyanı da yaddan çıxarmaq olmaz.

Və ən nəhayət, kim qarantiya verə bilər ki, bir ildən sonra, inkubasiya periodu 6 ay və ya bir il  olan daha dəhşətli bir virusla qarşılaşmayacayıq?

Mütəxəssislərimizin iştirakı ilə “AntiVİRUS” adı verdiyimiz epidemiya ilə total mübarizə sistemini layihələndiririk. Bu layihə sırf, xüsusi opto-elektronik cihazların tətbiqini nəzərdə tutan informasiya sistemi olaraq, ölkənin bu cür fəsadlardan hərtərəfli müdafiəsini təmin etməlidir.

Onu deyə bilərəm ki, “AntiVİRUS” ümumdövlət əhəmiyyətli, strateji bir layihədir. Tək COVİD-19 deyil, istənilən bu tip viruslara qarşı ölkənin kompleks müdafiə sistemini yaratmağa hədəflənmiş innovativ məhsul və sistemləri özündə birləşdirən həlldir.  Bu layihəmiz barədə məlumat vermək istəyirəm:

Layihəmizdə aşağıdakı sistemlərin mərhələli tətbiqi nəzərdə tutulur:

  • Vahid mərkəzdən idarə oluna bilən, həyatın bütün sahələrini əhatə edən Total Dezinfeksiya sisteminin yaradılması,
  • Karantin rejiminə tam nəzarət edən və bir gün ərzində işə salına bilən Dövlət Karantin Nəzarəti sisteminin yaradılması,
  • Əhalinin, insanlarla sıx təmasda olan hissəsinin müdafiəsi üçün yüksək texnologiyalı maskaların layihələndirilməsi və istehsalı.
  • Xəstələri ilkin təzahürlər əsasında müəyyən edən avadanlıqların tətbiqi;
  • Əhalinin ala biləcəyi, ucuz və effektiv fərdi tibbi ləvazimatların istehsalı;
  • Bütün prosesləri nəzarət altında saxlayan və monitorinqini apara bilən ümumdövlət informasiya sisteminin yaradılması.

Bu layihənin həyata keçirilməsi üçün lazım olan avadanlıq və qurğuların yaradılması başa çatmaq üzərindədir. Əksər qurğuların prototipləri hazırdır və bu yaxınlarda sınaq testləri aparılacaqdır. Bu cihazların hamısı IoT (Internet of Things) texnologiyası əsasında layihələndirilmiş “ağıllı əşyalar”dır.  Bu qurğular insanın sağlamlığına ziyan vura biləcək bütün məqamları nəzərə alır və nəzarət edir.

IoT texnologiyalarına əsaslanan qurğular Ümumdövlət Dezinfeksiya Sisteminin tərkib hissəsi kimi aktivləşdirilə bilməklə yanaşı, həm də individual idarə oluna bilir. Hazırladığımız avadanlıqlar heç bir kimyəvi və digər sərf materialından istifadə etmir. Üzərindəki sensorlar qurğu qoşulmazdan əvvəl ətrafda insanın olub olmadığını müəyyən edir. İnsan olduğu halda, qurğu işə düşmür və obyekti tərk etmək üçün insana xəbərdarlıq edilir.

Bu qurğular istənilən obyektlərdə – mənzillərdə, nəqliyyat vasitələrində, məktəblərdə, auditoriyalarda, uşaq baxçalarında, ofislərdə, mağaza, restoran və  otellərdə, kioteatrlar, idman zalları və s. obyektlərdə quraşdirilaraq, bu obyektlərin tam şəkildə dezinfeksiya edilməsinə imkan yaradır.  Bu qurğular həm istənilən əşyaların səthini, həm də nəfəs aldığımız havanı viruslardan təmizləyə bilirlər. Bu qurğuların üstünlüyü bir də ondan ibarətdir ki, 24 saat insanın iştirakı olmadan işləyərək bizim ətrafımızı steril təmizlikdə saxlaya bilərlər.

Tərəfimizdən üzərində iş gedən digər sistem Dövlət Karantin Nəzarəti Sistemidir. Bu sistemin əsas məqsədi karantin elan edilmiş ərazilərdə əhalinin və ya karantinə götürülmüş şəxslərin bu rejimə riayət etmələrinə nəzarətdir. Nəzarət sistemi bir biri ilə əlaqəli olan 3 alt sistemdən ibarətdir:

  • Karantinə götürülmüş və evini (yaxud palatasını) tərk etməməli olan şəxslərə nəzarət sistemi;
  • İşə (yaxud mağazaya) çıxmaq icazəsi olan şəxslərə nəzarət sistemi;
  • İstifadəsinə icazə verilmiş avtonəqliyyat vasitələrinə nəzarət sistemi.

Bu sistemə müasir coğrafi informasiya texnologiyaları əsasında layihələndirilmiş nəzarət sistemi, karantinə götürülmüş şəxslərə geyindirilən elekton qolbaqlar, smartfon tipli telefonlar üçün şəxsiyyət vəsiqəsinə bağlanmış tətbiqdən, daşına bilən elektron qeydiyyat qurğusu və avtomobillərə nəzarət üçün uzaqdan avtomobilin dövlət qeydiyyat nişanını və modelini oxuyan ağıllı kameralar daxildir. Hazırladığımız iki ağıllı eynək var. Bunlardan biri şəxsin temperaturunu ölçür. Digəri isə FullHD kamera vasitəsi ilə sifət biometrik məlumatlarını oxuyaraq mərkəzi bazadakı məlumatlarla tutuşdurur və qısa zamanda həmin şəxsin icazəsinin olub-olmaması barədə nəzarətçiyə (polis nəfərinə)məlumat verir.

“AntiVİRUS” proqramı çərçivəsində hazırda yüksək texnologiyalı maskaların layihələndirilməsi üzərində işləyirik. Bu maskalara uzun müddət istifadə, qrip, koronavirus və digər viruslardan nəfəslə keçə bilən mikrob və bakteriyalardan müdafiə, rahat nəfəsalma, yüngül çəki və uzunmüddətli istifadə tələblərini qoymuşuq. Bu maskalar həm nəfəsin alınmasında, həm də berilməsində havanı təmizləyir.

Və nəhayət, Azərbaycanda ağciyərin süni havalandırması cihazlarının və digər mobil diaqnostik qurğuların layiləndirilməsi və istehsalı barədə də düşünürük.

Əminik ki, təqdim edilmiş sistem hesabına Azərbaycanın virus təhdidlərinə qarşı kompleks müdafiəsini qura bilərik.

Bu gün, COVID-19-un birinci dalğasını, ölkə rəhbərliyinin qəbul etdiyi qabaqlayıcı qərarlar və büdcədən xərclənmiş böyük mailiyyə vasitələri hesabına, minimum can itkisi ilə keçə bildik. İndi bizim oturub növbəti dəfəni gözləmək hüququmuz yoxdur. Təcili olaraq müdafiə sistemini yaratmaq lazımdır.

Vaxt ayırıb suallarımızı cavablandırdığı üçün cənab Hikmət Abdullayevə təşəkkür edirik!

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş