“İdrak”ın “Mobil Sərhədçi”si sərhəddə işləri asanlaşdıracaq

“İdrak”ın “Mobil Sərhədçi”si sərhəddə işləri asanlaşdıracaq

Azərbaycanın “İDRAK Texnoloji Transfer” şirkəti sərhədçilər üçün mobil hərəkət halında sərhəd nəzarətini həyata keçirmək üçün “Universal mobil qurğu” hazırlayıb.

Bu barədə “AzeriDefence”ə “İDRAK Texnoloji Transfer” şirkətindən məlumat verilib.

Portativ qurğu dövlət sərhədini keçən şəxslərin və nəqliyyat vasitələrinin nəzarət və qeydiyyat prosedurlarını yerinə yetirir. “Universal mobil qurğu” nəzarət-buraxılış məntəqələrinin əməkdaşlarını pasport və digər identifikasiya sənədlərindən mətn, biometrik və qrafik məlumatın oxunması və tanınması imkanı ilə təmin edir.

Qurğu maşınla oxuna bilən zonanın (MRZ) skan edilməsi və tanınması, kontaktsız interfeysə malik elektron daşıyıcısından (RFİD) məlumatların oxunması, MRZ və elektron daşıyıcıdan alınan məlumatların uzlaşdırılaraq yoxlanılması, keyfiyyətli üz təsvirinin alınması, iki barmaq izinin eyni vaxtda götürülməsi, sərhəd nəzarəti prosedurlarının yerinə yetirilməsi zamanı səyahət sənədlərinin aktuallığına nəzarət, onların tamlığının yoxlanılması, məlumatların mərkəzi serverə ötürülməsi, məlumatların giriş-çıxış məhdudiyyətləri siyahısı və beynəlxalq təşkilatların nəzarət siyahıları ilə yoxlanılması, aşkarlanma halları zamanı müvafiq orqanların xəbərdar edilməsi kimi funksiyalara sahibdir.

Mobil iş yerləri adi ştat rejimində on-line rejimdə fəaliyyət göstərir və sərhəd nəzarəti sisteminin server komponentləri ilə informasiya mübadiləsini həyata keçirir. Rabitə kanalları ilə bağlı hər hansı nasazlıq olduqda və ya müstəsna hallarda sistemin mərkəzi hissəsində problemlər yarandıqda “Universal mobil qurğu” off-line rejiminə keçir. Belə hallarda məlumatların toplanması və müəyyən yoxlamalar (məs., sənədlərin etibarlılıq müddətinin yoxlanılması) həyata keçirilir .

“Universal mobil qurğu” qurğusunun proqram-aparat vasitələri uzun müddətli avtonom iş rejimini təmin edir. Bu da, öz növbəsində, qurğunu səyyar pasport nəzarəti tələb olunan hallar üçün əvəzedilməz vasitə edir. Bütün avadanlıq və proqram təminatı beynəlxalq standartlara tam uyğun şəkildə hazırlanıb.

Yüksək görüntü imkanına malik videokamera, barmaq izi skaneri və 10” sensor ekrana malik qurğu yığcam ölçü və yüngül çəkiyə malikdir. Qurğu sərhəd mühafizəsi ilə yanaşı polislərin əl terminalı, eləcə də əhalinin siyahıya alınması avadanlığı kimi də istifadə oluna bilər.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş