İlham Əliyev: Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər

İlham Əliyev: Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər

Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq.

“AzeriDefence”nin məlumatına görə, bunu Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərindən sonra heç bir həftə keçməyib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə əlli minə yaxın insan yazılıb.

“Əlli minə yaxın Azərbaycan vətəndaşı, – onların mütləq əksəriyyəti gənclərdir, – Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik”, – deyə Prezident İlham Əliyev bildirib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş