İlham Əliyev: “Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir”

İlham Əliyev: “Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir”

Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 6-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Valeri Gerasimovun NATO-dakı həmkarları ilə mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişlərinin müntəzəm xarakter daşıdığına şad olduğunu deyib: “Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq”.

Dövlət başçısı bildirib ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkandır: “Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş