İlham Əliyev: Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın göstərdiyi cəhdlər onların özləri üçün zərərlidir

İlham Əliyev: Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın göstərdiyi cəhdlər onların özləri üçün zərərlidir

Biz vəziyyəti nəzərə alaraq əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində səsləndirib.

“O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir. Eyni zamanda, danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bunlar, bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim məhz bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni, bu, çox uzunmüddətli proses ola bilməz”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı bildirirb ki, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir: “Çünki heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermənistanın bu cəhdləri sadəcə olaraq daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər”.

KATEQORIYA:
Bu xəbəri paylaş