İlham Əliyev: “Ordumuz qayalarla Şuşaya qalxaraq əlbəyaxa döyüşdə düşməni məhv etdi”

İlham Əliyev: “Ordumuz qayalarla Şuşaya qalxaraq əlbəyaxa döyüşdə düşməni məhv etdi”

44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan, əsgərimiz oradan keçə bilməsin.

“Azeri Defence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında deyib.

“Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Böyük qəhrəmanlıq, şücaət göstərərək Azərbaycan əsgər və zabiti şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı”, deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu: “Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur edildi. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalar vasitəsi ilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik.

Biz ermənilər tərəfindən uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar. Sanki Ermənistan Ordusu yenilməz Ordudur. Cəmi 44 gün ərzində Ermənistan Ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz gücünü qüdrətini göstərdi. Mən demişəm ki, biz güc toplayırdıq. Və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq. Biz haqlı idik. Haqq, ədalət bizim tərəfimizdə idi. Və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğaldan azad etsin”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş