İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, dövlət başçısı Belarus müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayıb. Ölkələrimiz arasında hərbi əməkdaşlığın bir çox illərdir ki, uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev bu sahədə əlaqələrimizin razılıq doğurduğunu bildirib.

Dövlət başçısı bunu Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, ölkələrimizin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirib.

Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən ölkə rəhbəri bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı da danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd edib.

Prezident bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirib.

Ölkələrimiz arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulaıb.

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sərgisində – ADEX-2016-da Belarus hərbi texnikasının nümayiş etdirilməsinin ölkəmizin bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.

Belarus müdafiə nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlətimizin başçısı səfərin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib.

Belarusun müdafiə naziri Andrey Ravkov deyib ki, o prezident Aleksandr Lukaşenkonun böyük dostu Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmaq istəyir.

Müdafiə naziri ölkəsinin prezidentinin daim söylədiyi sözləri xatırlayaraq bildirib ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir.

Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan Andrey Ravkov buna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan Andrey Ravkov keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirib.

İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

KATEQORIYA:
Bu xəbəri paylaş