İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələr arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynamış ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Levan İzoria ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir.

İlham Əliyev Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş